YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir

Müsahibimiz Milli Məclisin deputatı Musa Qasımlı

- Musa müəllim, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bəllidir ki, bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Digər tərəfdən, Qərblə Şərqi birləşdirən bu qlobal layihənin gerçəkləşməsi Azərbaycanın regional və beynəlxalq əməkdaşlığın inkişafında müstəsna rol oynamasını bir daha nümayiş etdirdi. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentmiz İlham Əliyevin qəti böyük uzaqgörənliyi, siyasi iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla, müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir. Dəmiryoli təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, qoca qitə olan Avropa və sürətlə inkişaf edən  Asiyanı, dünyanın iki nəhəng iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və Çini, Cənub-Şərqi Asiya ölkələrini birləşdirən, ən ucuz, sərfəli, təhlükəsiz bir layihənin gerçəkləşdirilməsidir. Bu layihə Azərbaycanı Şərq və Qərb arasında qovşaq, şəbəkə ölkəsi halına gətirir və dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir.

Layihə keçmişdə mövcud olmuş nəqliyyat-kommunikasiya sistemlərini qat-qat üstələyərək,  böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır, dövlət müstəqilliyimizi daha da möhkəmləndirir, eyni zamanda türk dövlətlərini birləşdirir. Bu, bir daha təsdiq edir ki, bədxahların bütün çirkin oyunlarına baxmayaraq, Azərbaycan dövləti beynəlxalq və regional layihələri uğurla reallaşdırmaq gücündədir və həll edə bilmədiyi heç bir problem yoxdur. Əlbəttə, digər ölkələrlə əməkdaşlıq olmasaydı, bu layihə də gerçəkləşməzdi. Həmin ölkələrin Azərbaycan ilə əməkdaşlıq etməsi Prezidentimiz İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, Ona olan etibar və ölkəmizin gələcəyinə inam hissinin olması ilə bağlıdır. Dövlət başçımız bununla göstərdi ki, Azərbaycan həm birləşdirici gücdür, həm də əməkdaşlıqda vazkeçilməz ölkədir.

 Dəmir yolunun fəaliyyətə başlaması millətimizin təkcə indiki deyil, gələcək nəsillərinin rifah halının yüksəldilməsinə yönəldilib. Bununla infrastruktur tamamilə yenilənir, yeni iş yerləri açılır, tranzit-nəqliyyat sistemindən dövlət büdcəmizə əlavə gəlirlər daxil olur. Bunun nəticəsində  Azərbaycan vətəndaşlarının yaşayışı daha yaxşılşacaq. Eyni zamanda, dəmiryolu boyunca yaşayan ölkələr və xalqlar da fayda götürəcək.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu ifadə edildi. İki ölkə arasındakı münasibətlərin inkişafı və regional təhlükəsizliyə töhfələri barədə nə düşünürsünüz?

- Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində bu gün ölkələrimiz starteji müttəfiqdirlər. Ölkələrimiz beynəlxalq və regional səviyyələrdə ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası münasibətlərimizi daha da möhkəmləndirdi. Azərbaycan-Türkiyə hərbi  əməkdaşlığına xüsusi diqqət yetirilməsi əhəmiyyətli oldu. Bu əməkdaşlıq regional təhlükəsizlikdə mühüm rol oynayır, bədxahlara da bir siqnaldır.

- Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü də diqqət mərkəzindədir. Sizcə, bu üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti və perspektivi nədən ibarətdir?

- Prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda görüşü çoxşaxəli, çoxistiqamətli xarici siyasətimizi həyata keçirən  diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür. Bu, bir daha təsdiq edir ki, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır və mövqelərini möhkəmləndirir. Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq.

 Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya  həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir.