YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə xüsusi diqqət mərkəzində saxlayır

   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

- Rauf müəllim, məlumdur ki, dünyada mürəkkəb proseslər baş verir, bir çox ölkələrdə maliyyə-iqtisadi böhran hökm sürür. Belə bir şəraitdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır. Bu, o deməkdir ki, yenə də qəbul olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü  ciddi şəkildə göstərir. Və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Bu, ona dəlalət edir ki, hökumət  ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

- Son illər ölkəmizdə yüz milərlə yeni iş yeri açılıb. Bu amil sosial siyasətin əsas göstəricilərindən biridir...

- Son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr fonunda ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır.

Sosial dövlət olan Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Yəni respublikamızda iqtisadiyyatın inkişafına güclü şəkildə siyasi və maddi dəstək verilir, konkret məqsədlərə hesablanan proqramlar qəbul edilir. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması isə öz növbəsində sosial məsələlərin həllinə müsbət təsir göstərir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir.

Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə göstərdiyi siyasi iradə öz müsbət nəticəsini verib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.

 Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Eyni zamanda, ölkə üzrə yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Azərbaycan dövləti yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də xüsusi diqqət mərkəzində saxlayır. 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla gedir.

Regionlarda yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri doğulduğu bölgələrə möhkəm bağlayır.

Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir. Belə ki, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir.

- Bəs sahibkarlara göstərilən dövlət qayğısı yeni iş yerlərinin yaradılmasında nə kimi rol oynayır?

- Son 13 ildə özəl bölmənin davamlı şəkildə dəstəklənməsi və güclü milli sahibkarlar ordusunun formalaşdırılması Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi inkişaf strategiyasının mühüm istiqamətini təşkil edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sahibkarlara qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Belə ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq özəl bölmə təmsilçilərinə həm siyasi cəhətdən, həm də maddi baxımdan hərtərəfli kömək göstərilir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bu günə qədər respublikamızda sahibkarlara təxminən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb.

Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılıb. Azərbaycan Prezidenti sahibkarlara siyasi dəstək göstərir, onlarla görüşür, problemlərini həll edir.

- Rauf müəllim, Azərbaycanda yoxsulluğun minimuma endirilməsi istiqamətində də mühüm addımlar atılır.  Bu baxımdan, əhalinin məşğulluğunun təmin olunması yönündə görülən işləri necə dəyərləndirirsiniz?  

- Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən də yeni iş yerlərinin yardılmasının daimi prosesə çevrilməsi öz növbəsində yoxsulluğun 49 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib. Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Hazırda  Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb.

Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir.  Respublikada əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox fərman və sərəncam imzalayıb. Dövlət başçısının müvafiq fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Bütün bunlar uğurlu sosial siyasətin konkret olaraq göstəriciləridir.