YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yaz sessiyası ərzində parlament məhsuldar fəaliyyət göstərib

Müsahibimiz Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov

- Rafiq müəllim, Milli Məclisin yaz sessiyasında bir sıra qanunlar qəbul olundu. Sessiya ərzində aparılan müzakirələr, qəbul olunan qanunlar haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Milli Məclisn yaz sessiyası kifayət qədər məhsuldar keçdi. Sessiyanın iş planında mühüm qanunvericilik sənədləri əksini tapırdı. Eləcə də, qanunvericilik təşəbbüsü qaydasında parlamentə çoxsaylı sənədlər daxil olub. Millət vəkilləri bu dövrdə müzakirəyə çıxarılan qanun layihələrini geniş müzakirə edərək qəbul ediblər.

Qeyd edim ki, bu sessiya ərzində də ölkəmizin inkişafına xidmət edən mühüm qanunlar qəbul olunub. Eləcə də, ictimai əhəmiyyət kəsb edən yeni qanun layihələri müzakirəyə çıxarılıb. Nümunə olaraq mən «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsinin adını çəkə bilərəm. Bilirsiniz ki, belə bir sənədin qəbul olunmasının aktuallığı uzun müddət idi ki, cəmiyyətdə müzakirə olunurdu. Nəhayət ki, geniş ictimai müzakirələrdən sonra sənəd parlamentin müzakirəsinə çıxarıldı. Qanun mütərəqqi qanundur və cəmiyyət bundan qazanır. Təəssüf ki, indiyə qədər tütün məmulatlarının, xüsusilə siqaretin reklamı aparılır. Bu da cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün ziyanlıdır. Bu reklamlar nəticəsində gənclərin siqaretə marağı artır. Amma nəzərə almaq lazımdır ki, siqaretin insan orqanizminə çox böyük ziyanı var. Statistikaya görə, dünyada ağciyər xərçənginə tutulan insanların böyük əksəriyyəti siqaret çəkənlərdir. Amma siqaret təkcə ağciyərə ziyan deyil, ürək-damar xəstəliklərində də tütün məmulatlarından istifadə böyük rol oynayır.

Bir sıra xarici ölkələrdə ictimai yerlərdə siqaret çəkməyə  icazə verilmir. Bunun üçün xüsusi ayrılmış yerlər var.  «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsində də bu məsələ əksini tapıb. Qanun yetkinlik yaşına çatmayanlara siqaret çəkməyi qadağan edir. Eləcə də, sanatoriyalarda, müalicə yerlərində siqaret satmaq qadağan olunur və s. Yəni bu sənəddə vacib məsələlər əksini tapır. Nə qədər tütün məmulatlarından az istifadə edilsə həm ekologiya təmiz qalır, həm də insanın sağlamlığına xeyirdir. Dövlətə, cəmiyyətə sağlam insan lazımdır. Ona görə də, haqlı olaraq parlament belə bir qanun qəbul edir. cəmiyyətimiz bu qanun faydasını görəcək.

Bütövlükdə, yaz sessiyası ərzində parlament səmərəli fəaliyyət göstərib. Sessiya dövründə Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət edən orqanın, Hesablama Palatasının illik hesabatları dinlənilib. Eləcə də, bir sıra mühüm qanunlar qəbul olunub, həmçinin müvafiq qanunlara əlavə və dəyişikliklər edilib. Qəbul olunan sənədlər dövlətimizin və xalqımızın maraqlarına tam uyğundur.   

- «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsinin əhəmiyyətindən danışdınız. Sizcə, bu qanunun tətbiqi  tütün məmulatlarından  istifadənin azalmasına səbəb olacaqmı?

- Əlbəttə. Düşünürəm ki, bu qanunun müsbət təsiri olacaq. Çünki tütün məmulatlarının istifadəsi məhdudlaşırsa, istər-istəməz azalma baş verəcək. Çünki əvvəlki kimi hər kəs istədiyi yerdə siqaret çəkə bilməyəcək.

Amma əsas məsələ bu yöndə maarifləndirmə işlərini gücləndirməkdir. Qanuna əsasən televiziyalarda verilən filmlərdən siqaretin reklamı götürüləcək. Ümumilikdə, siqaretin açıq reklamı qadağan olunacaq. Düşünürəm ki, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri daha çox aparılmalıdır. Bütün bu işlər aparıldıqdan sonra siqaret çəkənlərin sayı azalacaq.

- Siz Milli Məclisin Səhiyyə komitəsinin üzvüsünüz. «Dərman vasitələri haqqında» qanuna edilən son dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Bu dəyişikliklər çox əhəmiyyətlidir. Biri var dərman vasitələri, biri də var bioloji aktiv maddələr. Bioloji aktiv maddələr də dərman kimi reklam olunur və istifadə edilir. Müəyyən firmalar həmin maddələri saytlar, televiziyalar vasitəsilə reklam edirlər. Məsələn, iddia edirlər ki, guya bu dərmanı bir həftə qəbul etsən, şəkər xəstəliyi sağalacaq, qan təzyiqi bir daha olmayacaq və s. Bu tamamilə yalandır. Şəkərli diabet və qan təzyiqi  ömürlük xəstəliklərdir. Bununla belə, davamlı müalicə olunursansa, pəhriz gözləyirsənsə uzun ömür yaşaya bilərsən. Ona görə də, belə reklamların heç bir əsası yoxdur.

Bu reklamlar insanları aldadır. Bəzən həmin reklamlarda əcnəbi alimlərin də fikirlərinə yer verirlər. Yəqin ki, onlara bunun üçün pul verilir. Həmin reklamlarda deyilir ki, «bu dərmanlar apteklərdə yoxdur, yalnız filan ünvana müraciət etməklə əldə edə bilərsiniz». Belə reklamlara inanan insanlar var və nəticədə onlar aldanır. Ona görə də, qanunla bioloji aktiv maddələrin reklamı qadağan olundu. Bu hərəkəti edənlər cərimə olunacaqlar. Bu dəyişikliklər insanların xeyrinədir.

-  Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar ciddi işlər görülür. Sizcə, bu sistemin tətbiqinin üstünlükləri nədən ibarətdir?

- Təbii ki, icbari tibbi sığortaya keçid çox mütərəqqi addımdır. Dünyanın bir çox dövlətlərində səhiyyədə bu sistem tətbiq olunur. Bilirsiniz ki, Azərbaycanda da bu yöndə işlər aparılır. Artıq ilin əvvəlindən Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilir. Bu layihələr də özünü doğrultmaqdadır.

Amma mən hesab edirəm ki, bu məsələdə hər şeyi  dövlətin üzərinə yükləmək lazım deyil. İşəgötürənləri bu prosesə cəlb etmək lazımdır ki, öz işçiləri ilə əmək müqaviləsi imzalasınlar. Və işçiyə verilən əməkhaqqından da icbari tibbi sığorta üçün ödənişlər edilsin. Belə olarsa, dövlətin yükü də xeyli azalar. Mən inanıram ki, bu sistem ölkəmizdə uğurla tətbiq olunacaq.

- Bəs qiymətlərin dövlət tənzimlənməsi ilə əlaqədar nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu da çox təqdirəlayiq haldır. Bilirsiniz ki, əvvəllər dərman vasitələri apteklərdə fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi. Burada sadəcə məqsəd daha çox pul qazanmaq idi. Bundan əziyyət çəkənlər də insanlar idi. Ona görə də, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyətimizdə yüksək qymətləndirilir.   

Bu məsələ dövlət başçısının tapşırığıdır və Onun tapşırığına uyğun olaraq hökumət bu addımları atır.Bilirsiniz ki, dərmanlar xaricdən idxal olunur və bu da milyonlarla vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də iş gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. Yəqin ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq. Yerli dərman istehsalı dərmanların qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq, həm də milyonlarla vəsaitin xaricə çıxarılmasının qarşısını alacaq. Dövlət tərəfindən qiyməti tənzimlənən dərmanları hansı apteklər fərqli qiymətə satırsa, onlar cərimələnir. Gələcəkdə də belə olacaq.

- Rafiq müəllim, siz Milli Məclisdə bölgələri təmsil edirsiniz. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?


- Bilirsiniz ki, son illər regionların inkişafı böyük vüsət alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə səfər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrindəki vəziyyətdən heç də fərqlənmir.
Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.
Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.