YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Əsas hədəf 2017-ci ildə və ondan sonrakı illərdə ölkəmizin dinamik inkişafını davam etdirməkdir

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev

- Müsa müəllim, məlum olduğu kimi hazırda dünyada iqtisadi böhran hökm sürür. Bu amil sosial məsələlərə təsir edir.  Belə bir şəraitdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətləri haqqında nə deyə bilərsiniz?

- Doğrudur, bu gün dünyada mürəkkəğ proseslər baş verir. Bunun nəticəsində dünyanın bir çox ölkələri sosial-iqtisadi çətinliklərlə üzləşirlər. Təbii ki, dünyada baş verən iqtisadi böhran ölkəmizə də müəyyən təsir göstərib. Amma Azərbaycan hökuməti bu təsirləri minimuma endirmək üçün lazımi tədbirlər həyata keçirir. Bilirsiniz ki, ötən ilin əvvəlindən dövlət başçısı sosial-iqtisadi inkişafla bağlı mühüm qərarlar verdi. Bunun nəticəsində də, bir sıra sahələrdə islahatların yeni mərhələsi başlandı. Hesab edirəm ki, bu islahatlar qarşıdakı dövrdə mühüm nəticələr verəcək. Əsas hədəfimiz 2017-ci ildə və ondan sonrakı illərdə ölkəmizin dinamik inkişafını davam etdirməkdir. Eləcə də, sosial siyasət baxımından da, dövlətimiz uğurlu siyasət həyata keçirir. Xüsusilə, belə bir şəraitdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi olaraq diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda toxunduğu məsələlər bir daha onu göstərir ki, əhalinin sosial rifahının daha da yaxşılaşması dövlətin fəaliyyətinin prioritet istiqamətidir.
Bu il də sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. 2017-ci ilin dövlət büdcəsinin 40 faizdən çoxu sosial layihələrin icrasına yönəlib. Bu, bir daha Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olduğunu göstərir.
Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri yaradılacaq və işsizlik aşağı səviyyədə qalacaq. Kənd təsərrüfatı sahəsində iri layihələrin həyata keçirilməsi, o cümlədən yeni pambıq, fındıq, badam sahələrinin salınması əlavə iş yerlərinin açılmasına səbəb olacaq. Təkcə bu il 40 mindən çox yeni iş yerinin açılması planlaşdırılır.
Azərbaycan Prezidentinin əsas hədəfi ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaqdır. Həmin konfransda dövlətimizin başçısı vurğuladı ki, ölkə vətəndaşı daha da yaxşı yaşamalıdır. Ona görə, sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sos yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulub.

- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs etdiniz. Bu baxımdan, qaçıq və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlət başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının daha bir təzahürüdür. Bu, bir daha onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.

Bu Fərman keçmiş yataqxanalarda, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə, onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin bu Fərmanı dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir.

- Azərbaycanda səhiyyə sahəsində də mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə dərman istehsalı ilə əlaqədar görülən işlərin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin əsas prioritetlərini təşkil edir. Dövlət başçısı İlham Əliyev tərəfindən dərman istehsal edən yerli müəssisələrin yaradılması vəzifəsi qarşıya qoyulub. Artıq bu yöndə praktiki addımlar atılmaqdadır.

Belə ki, bu yaxınlarda  Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub. Bu müəssisələr  Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Eyni zamanda, bu, yeni iş yerlərinin  yaradılması deməkdir.

Ümumiyyətlə, ölkəmizdə dərman istehsalı üçün böyük potensial mövcuddur. Bunun üçün kifayət qədər xammal bazası var. Çünki Azərbaycan dərman bitkiləri ilə zəngin ölkədir və hazırda bu bitkilərdən təyinatı üzrə istifadə olunmur. Nəzərə alınsa ki, dünyada keyfiyyət baxımından ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, onda bu potensialdan səmərəli istifadə edilməsinin nə qədər mühüm olduğu bir daha ortaya çıxır. Təbii ki, yerli müəssisələr fəaliyyətə başladıqdan sonra onlar bu zəngin xammal bazasından yararlanacaqlar.

- Musa müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Bildiyiniz kimi hazırda gündəmin əsas mövzularından biri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən Aleksand Lapşinin Bearusda həbs olunaraq ölkəmizə estradisiya olunmasıdır.  Bu barədə nə deyə bilərsiniz?

- Lapşinin Azərbaycana təhvil verilməsi ölkəmizin həm beynəlxalq, həm Dağlıq Qarabağ münaqişəsi müstəvisində böyük uğuru kimi qeyd olunmalıdır. Uzun illərdir Ermənistan hakimiyyətinin və erməni lobbisinin bir sıra üsullarla ələ aldığı, maliyyələşdirdiyi insanlar vaxtaşırı Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə səfərlər edirdilər. Onlar Dağlıq Qarabağda, digər işğal altında olan bölgələrimizdə müəyyən tədbirlər həyata keçirir və ya tədbirlərdə iştirak edirdilər. Azərbaycan hökuməti belələrinə qarşı beynəlxalq hüquq çərçivəsində öz addımlarını hər zaman atıb. A.Lapşinin hərəkətləri isə əndazəni aşdı. O, Azərbaycan sərhədlərini pozmaqla yanaşı, müəyyən həqarətlər də səsləndirmişdi. Onun fəaliyyətində sərhəd pozuculuğu ilə bağlı cinayət elementləri olduğu üçün ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Bu şəxs Belarus ərazisində interpolun xətti ilə saxlanıldı. Onun saxlandığı zaman, hətta ekstradisiyası zamanı müəyyən dövlətlər, xüsusilə Ermənistan dövləti bloggerin Azərbaycana verilməməsi üçün canfəşanlıqlar etməyə başladı. Bütün bunlara baxmayaraq, Belarus hökumətinin, xüsusilə bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun beynəlxalq hüquqa və Azərbaycan qanunlarına hörmətinin ifadəsi olaraq Lapşin Azərbaycana verildi.
Erməni lobbisi fəaliyyət göstərdiyi bir sıra ölkələrdə siyasi çalarlı oyunlar oynamağa çalışır. Amma nəzərə alınmalıdır ki,  Lapşin beynəlxalq hüququ pozduğuna görə həbs olunub. Bu fakt həm Ermənistanda, həm də ermənipərəst mərkəzlərdə soyuq duş effekti yaratdı. Azərbaycanın güclü dövlət olduğunu ötən ilin aprel döyüşləri, eləcə də ermənilərin son aylarda cəbhə xəttində törətməyə çalışdıqları təxribatların qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alınması bir daha sübuta yetirib. Azərbaycanın dövlət sərhədlərini pozan şəxslərin ölkəmizə gətirilməsi faktı bunu növbəti dəfə təsdiqlədi. Bu fakt gələcəkdə sərhədlərimizi pozmağa cəhd göstərmək istəyənlərə bir dərsdir. Digər tərəfdən, bu, Azərbaycan diplomatiyasının dünyada nüfuzunun göstəricisidir. Xüsusən Azərbaycan Prezidentinin həm şəxsi nüfuzu, həm də apardığı siyasətin beynəlxalq normalara uyğun olması və dünyanın nüfuzlu mərkəzləri tərəfindən dəstəklənməsi bir daha dünyaya nümayiş etdirildi. Lapşinin Azərbaycana verilməsi həm də Azərbaycan ictimaiyyətində ədalətin təntənəsi kimi qarşılandı.