YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Strateji Yol Xəritəsində kommunal xidmətlərin inkişafına dair konkret istiqamətlər müəyyənləşib

Müsahibimiz “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev

- Baba müəllim,  Prezident  İlham Əliyevin  6 dekabr 2016-cı il  tarixli «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərmanı  «Azərişıq» ASC-nin qarşısında hansı vəzifələri qoymuşdur?

-  Fərmanda da qeyd olunduğu kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalanan bu sənəd digər sahələr kimi,  «Azərişıq» ASC-nin qarşısında da konkret  vəzifələr qoyur. 12 istiqaməti əhatə edən Yol Xəritələrindən biri «Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsidir. Təbii ki, hər bir qurum üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirsə, hədəflərin gerçəkləşməsinə öz töhfəsini vermiş olar.

- Son 10 ildə elektrikpaylayıcı şəbəkələrdə müasir tələblərə uyğun olaraq geniş islahatlar həyata keçirilmişdir. Bu islahatlar nə kimi nəticələr vermişdir?

- Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə ”ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilmişdir. Dövlət başçısının  müvafiq tapşırıqlarına əsasən Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilmişdir. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb. Texniki itkilər 16,9 faizdən 7,8 faizə  endirilib. Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb.

Bakı şəhərində, ümumilikdə  respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib. Ötən müddətdə Bakı şəhəri beynəlxalq səviyyəli ən mötəbər tədbirlərə ev sahibliyi edib ki, digər xidmət sahələri kimi Bakı şəhəri elektrik şəbəkəsi də istehlakçılara beynəlxalq standartlara uyğun səviyyədə xidmət etməyə qadir olduğunu göstərmişdir.

- Struktur islahatlarının nəticəsi olaraq «Azərişıq» ASC-nin  yaranmasını əhalinin, bütövlükdə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatında yeni bir dövr kimi qiymətləndirmək olarmı?

- On ildən artıq müddətdə regionların sosial-iqtisadi inkişafına yönələn proqramların, həmçinin elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi  Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılmaqla  Azərbaycan  ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq ”ASC-yə həvalə edilmişdir.

“Azərişıq” ASC-nin nəzdində 57 rayon və şəhəri əhatə etməklə, 7 Regional Enerji Təchizatı Satış İdarəsi yaradılmışdır. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və Satışı İdarələridir. “Azərişıq” ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək,  yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək, elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq, istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək, elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və s.-dir.

Hazırda, respublikanın bütün RETSİ-lərdəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, bütün qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.

“Azərişıq” yaradılarkən üzərinə çox böyük vəzifələr qoyulmuşdur. Bu vəzifələr şərəfli olmaqla, çox böyük məsuliyyət tələb edir. Bu missiyanın yerinə yetirilməsinin çətin olduğunu dövlətimizin başçısı İlham Əliyev belə qeyd etmişdir: “ Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə  elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə  qalxmalıdır. Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var. Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”.

«Azərişıq» ASC fəaliyyətə başladıqdan qısa müddət ərzində   «Azərenerji» ASC-nın xidmət göstərdiyi  bir milyon altı  yüz min  abunə bazası təhvil alınaraq, “Azərişıq” ASC-nin mövcud serverlərinə köçürülmüş sistemdə fasilələr yaranmadan işləməsi təmin edilmişdir.  Ən müasir məlumat mərkəzi (Oracle 11g məlumat bazası) qurularaq məlumatların təhlükəsizliyi və bütünlüyü təmin edilib. Bütün regionların  vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə məlumat saxlama mərkəzi yaradılmışdır. Qısa müddətdə 57 rayon enerji satişı və istismar idarələrinə ümumilikdə uzunluğu 160 km dən cox optik kabelin çəkilməsi təmin olunmuşdur.

2 milyon 500 min abonentin bütün məlumatları  vahid bir mərkəzdən idarə olunur. Abonetlər üzrə olan  hərəkətlər vahid sistem tərəfindən idarə olunur. Bu gün respublikamızın hər hansı bir rayon və qəsəbəsindən daxil edilən göstərici və ya ödənişlər dərhal online qaydada mərkəzi sistemdə öz əksini tapir. İdarəetmədə şəffaflığın təmin edilməsi  abonentlərin «Azərişıq» ASC-yə olan inamını daim artırır.

- Baba müəllim, 2006 -2016-cü illər ərzində həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində  paylayıcı elektrik şəbəkələrinin bir çox sahələrində texnoloji yeniliklər baş vermişdir. Bu yeniliklərin abonentlərə keyfiyyətli və operativ xidmət göstərilməsi, bu sahədə şəffaflığın artırılması baxımından əhəmiyyəti nədən ibarətdir?

- Paylayıcı Elektrik Şəbəkələrində islahatlara başlanmasının 10 illiyi münasibəti ilə 2016-cı ildə “Azərişıq”ASC-nin həyata keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmışdır. Xüsusi ilə nəzərə almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən - “Azərişıq ”ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. 110 kV-luq şəbəkələr üzrə 16 ədəd - 110 kV-luq yarımstansiya tikilib,  101 km - 110 kV-luq hava xətti, 63 km - 110 kV-luq kabel xətti çəkilib. 35 kV-luq şəbəkələr üzrə 53 ədəd - 35 kV-luq yarımstansiya tikilib,  862 km - 35 kV-luq hava xətti, 528 km - 35 kV-luq kabel xətti çəkilib. 10 və 6 kV-luq şəbəkələr üzrə 2 300 ədəd KTM quraşdırılır, 10 600 km EVX yenidən qurulub, 1449 km kabel xətti çəkilir, 27 000 ədəd dayaq quraşdırılıb, 500-dən çox 6 və 10 kV-luq transformatorlar yenisi ilə əvəz edilir, 12 500 ədəd KTM və TM-də cari təmir işləri aparılır. 0,4 kV-luq şəbəkələr üzrə 0, 4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədi ilə 5018 km ÖİN  xətləri çəkilir, 90 000 ədəd dayaq quraşdırılır, 4 000 km hava xətləri təmir olunur, 100 km kabel xətləri çəkilir.

Yeni tikilən yarımstansiyalar xüsusi layihə əsasında iki transformatorlu  olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır.

Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri  ilə əvəz olunur.   “Azərişıq” ASC Bakı kimi respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Uzun illər ərzində istismar olunan ağac dayaqlar yeni metal dayaqlarla əvəz olunub. İstismar müddətini keçmiş alüminium naqillər özünüdaşıyan izolyasiyalı kabellərlə  dəyişdirilir.

- 2006-2016 cı illəri  Uçota Nəzarətin təşkili və inkişaf mərhələləri kimi də xaraterizə etmək olar…

- 2006-cı ildə Elektrik Təchizatının Dövlət nəzarətinə qaytarılması ilə bu sektorun inkişafı və dirçəlişində mühüm dönüş yarandı. Belə ki, həmin dövrə qədər, paylayıcı şəbəkələrin, istismar olunan avadanlıqların, inzibati və texniki binaların, köməkçi tikililərin, uçot və sınaq avadanlıqlarının texniki və mənəvi göstəriciləri müasir tələblərlə ziddiyət təşkil edirdi. Bununla yanaşı, strateji xidmət sektoru hesab edilən Elektrik Enerjisinin Təchizatı və İstismarı sahəsi, keyfiyyətli enerji daşınması və çatdırılması, abonent məmnunluğunu təmin eməkdə çətinliklərlə qarşılaşırdı. Təbii ki, uçot avadanlıqları və bu qəbildən olan test  sınaq cihaz və vasitələri də XXİ əsrin intellektual texnoloji nailiyyətləri ilə uzlaşmırdı, uçota nəzarətin vahid mərkəzdən, şəffaf idarə olunmasının təşkilinə çoxmərhələli maneələr yaradırdı.

Multimərhələli islahatlar çərçivəsində Uçota Nəzarət Sisteminin yenidən işlənməsi, təkmilləşdirilməsi, rəqəmsal və smart  cihaz və avadanlıqların təyin edilməsi, müvafiq şəbəkə sistemlərində tətbiqi, Mərkəzi İdarəetmə və Vahid Nəzarət Sisteminin perspektiv inkişaf strukturunun yenidən qurulması, abonent bazasının, elektrik enerji haqlarının ödəniş imkanlarının genişləndirilməsi və s. nəzərdə tutulurdu. Bütün bu işləri həyata keçirmək məqsədilə ilkin mərhələdə, paytaxtda yerləşən 203 saylı yarımstansiya ərazisində yeni Sayğac Test/Təmir laboratoriyası binası və sayğac anbarı inşa edildi, uçot avadanlıqları əsaslı olaraq yenidən quruldu, mənəvi və fiziki köhnəlmiş sınaq stendləri daha müasir, rəqəmsal və yüksək dəqiqlikli etalon avadanlıqlarla əvəz edildi. Elektrik enerjisi sərfiyyatının qeydiyyatını aparan sayğacların əsas göstəriciləri həssaslıq, dayanıqlıq və dəqiqlik sinfidir. Bu baxımdan, 2006-cı ilə qədər quraşdırılmış induksion  sayğacların həssaslığı aşağı, dayanıqlığı kafi olduğundan, şəbəkədaxili itkilərin və kiçik həcmli yüklərin qeydiyyatının aparılmasında problemlər yaranırdı. Təsadüfi deyildir ki, o dövrün texnoloji itkilərin 30-40 faiz olması əsas etibarı ilə uçot sistemində olan qüsurların nəticəsi idi. Məhz bu səbəbdən, induksion  sayğacların daha müasir, yüksək həssaslıq və dəqiqliyə malik, elektron rəqəmsal baza əsaslı və sinxron informasiya mübadilə imkanlı sayğaclarla əvəz edilməsi zərurəti meydana çıxdı. Hal-hazırda 950 mindən çox elektron-rəqəmsal sayğaclar istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişlər. Paytaxtın bütün qovşaq, ötürücü və paylayıcı yarımstansiyaları, həmçinin iri tutumlu istehsal obyektlərinin transformator məntəqələri bu növ sayğaclarla təchiz edilib. Digər qeyri-elektron sayğaclardan fərqli olaraq, bu növ sayğaclar xüsusi müdaxilə əleyhinə yaddaş proqram təminatı ilə təchiz edildiyindən, enerji satış işinin təşkilində və aparılmasında mühüm rol oynayır. 2011-2016- cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılıb və uğurla istismar edilir.  SMS Smart sayğacların tətbiqi, mobil rabitə operatorlarının, GSM xidmət sektorunun və Enerji təchizat müəssisəsinin fəaliyyətində bir yenilik, müasirlik yaratmaqla yanaşı, Uçot Sisteminin Müasir GSM  Texnologiyalar bazası üzərində qurulması MDB ölkələri arasında ilk olaraq, ölkəmizdə həyata keçirilmiş iri layihələrdəndir. 

- Azərbaycanda elektron hökumətin yaradılması prosesi uğurla davam etməkdədir. Bu sahədə «Azərişıq» ASC-nin fəaliyətini necə qiymətləndirmək olar?  «Azərişıq» ASC əhali üçün nə kimi  elektron xidmətlər göstərməkdədir? Həmçinin  respublikamızda ilk dəfə olaraq elektroenergetika sahəsində müasir tələblərə cavab verən Tədris Mərkəzi yaradılıb. Bu mərkəzin əhəmiyyəti, qarşısında duran vəzifələr haqqında nə deyə bilərsiniz?

- İki ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” və yeni yaradılan “ASAN” Kommunal mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC öz fəaliyyətini davam etdirir. Daha dəqiqi  “ASAN xidmət” mərkəzlərində abunəçilərə  texniki şərtlərə dair müraciətlərin qəbulu,  elektrik şəbəkəsinə qoşulması,  borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi,  elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ  xidmət göstərilir.

“Azərişıq” ASC-nin reallaşdırdığı uğurlu layihələrdən biri də müasir tələblərə cavab verən Tədris Mərkəzinin yaradılmasıdır ki, bunu xüsusi qeyd etmək istərdim. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksək ixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsini zəruri edir. Bu gün şəbəkənin yenidənqurma işlərinin layiqincə reallaşdırmasında mühüm rol oynayan və üzərinə düşən işin öhdəsindən bacarıqla gələn əməkdaşları ötən müddət ərzində Almaniya, Fransa, İngiltərə, Türkiyə, Avstriya, Rusiya, Ukrayna, Çin, Koreya, Slovakiya və digər ölkələrdə müxtəlif kurs və treninqlərdə zəngin təcrübə toplamışlar. Təbii ki, bu tədbirlərə şəbəkənin büdcəsindən xeyli vəsait ayrılmalı olurdu və yüksək ixtisaslı kadr çatışmazlığı həllini gözləyən başlıca problemlərdən biri olaraq qalırdı. Bütün bu reallıqları nəzərə alaraq respublikamızda ilk dəfə elektroenergetika sahəsində müasir tələblərə cavab verən Tədris Mərkəzi yaradıldı.

Təhsil Nazirliyi tərəfindən “Azərişıq” ASC-nin Tədris Mərkəzinə ixtisasartırma, təcrübə keçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə fəaliyyət göstərmək üçün lisenziya  verilmişdir. Ölkınin  müxtəlif universitetlərində  və orta ixtisas məktəblərində elektroenergetika sahəsi üzrə hazırlanan kadrların keyfiyyətli istehsalat təcrübəsi keçməsi vacib amildir. “Azərişıq” ASC-nin  müasir avadanlıqlarla təchiz olunmuş Tədris Mərkəzinin fəaliyyəti  dövlət standartlarına uyğun olaraq Təhsil Nazirliyinin kadrlara olan tələbatlarını və peşəkar xüsusiyyətləri əks etdirən tədris proqramalarına olan tələblərini ödəyir və tədrisdə qabaqcıl tədris texnologiyalarının tətbiqi Təhsil Nazirliyi tərəfindən müsbət qiymətləndirilir.

“Azərişıq” ASC-nin Tədris Mərkəzi ölkənin, eləcə də xarici ölkələrin bir sıra qabaqcıl təhsil müəssisələri – Moskva Energetika İnstitutu (Rusiyanın Milli Tədqiqat Universiteti), “ADA” Universiteti, Milli Aviasiya Akademiyası,  Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi ilə tədris, texniki işlər və yüksək ixtisaslı kadrların hazırlığı yönündə əməkdaşlıq edir.

- Baba müəllim,   ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlayıb. Bu baxımdan, «Azərişıq» ASC-nın qarşısında hansı vəzifələr dayanır?

- Ölkəmizin davamlı inkişafı təbii ki, təkmil islahatlara əsaslanır. «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da dövlətimizin başçısı İlham Əliyev  görüləcək işlərlə bağlı tapşırıqlarını verdi. Diqqəti əsasən infrastuktur layihələrinə yönəldən cənab İlham Əliyev  «Azərişıq» ASC-nin qarşısında dayanan vəzifələri də  qeyd etdi.  Bildirildi ki,  «Azərişıq» bütün bölgələrdə  elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə  təmin edilməsi üçün əlavə tədbirlər görməlidir.  Yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır. Bu proses gedir, daha da sürətlə getməlidir.  Çünki indi bizim  generasiya gücümüz kifayət qədər böyükdür.  Biz elektrik enerjisini bu gün artıq ixrac edirik. Belə olan halda, bütün elektrik təsərrüfatımız da  yüksək səviyyədə olmalıdır ki, heç bir fasilə və başqa problem olmasın.

Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına, eyni zamanda  «Azərişıq» ASC-nin   2017-ci il üçün  müəyyənləşdirdiyi Tədbirlər Planına uyğun olaraq  qarşımızda dayanan vəzifələri   uğurla yerinə yetirməyə, islahatların davamlılığına töhfə verməyə   səy göstərəcəyik. Yenə də əsas hədəf  istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatını təmin etməkdir.