YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları bəxş etdi

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov

- Şahin müəllim, yaxın günlərdə 15 İyun- Milli Qurtuluş Gününü  qeyd edəcəyik.  Bu tarixi günün mahiyyətini və bu günümüz üçün əhəmiyyətini necə şərh edərdiniz?

-  Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi  ulu öndər Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da səbəbsiz deyil. Həmin dövrün qısa təhlilini aparsaq, Azərbaycan dövlətinin, xalqının böyük fəlakətdən, parçalanmadan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olduğunu görərik. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. 
   

Ulu öndərin qayıdışı ilə başlanan Qurtuluş Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı,  ölkəmizin  sonrakı sürətli, dinamik inkişafının etibarlı əsasını yaratdı

 
Daim rastlaşdığımız «Qurtuluş Azərbaycana nə verdi» sualı bizi həmin dövrün reallıqları fonunda bugünümüzlə bağlı düzgün dəyərləndirmə aparmağı bir zərurətə çevirir. Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları bəxş etdi.  Qurtuluş   təkcə Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü ağır durumdan, bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını təkidlə tələb edən Azərbaycan xalqının ondan gözləntisi ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməsi, sabitlik, əmin-amanlıq yaratması idi. Amma ümummilli lider  Heydər Əliyev özünün missiyasını təkcə Azərbaycan xalqının düşdüyü  bu bəlalardan xilas olunmasında görmürdü. Onun qayıdışı ilə başlanan Qurtuluş Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı,  ölkəmizin  sonrakı sürətli, dinamik inkişafının da çox etibarlı əsasını yaratdı. Bu mənada Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin  keçmişi deyil, eyni zamanda bu günü və gələcəyidir.   Qurtuluş Azərbaycanın bugünkü reallıqlarıdır.  Azərbaycan xalqı  gələcəyə böyük inamla baxır. Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə qazandırdığı ən böyük uğurlardandır.  
Qeyd etdiyimiz kimi, ulu öndər  Heydər Əliyevin qayıdışı ilə Azərbaycan   başının üstünü almış real təhlükələrdən,  hərc-mərclik və xaosdan, iqtisadi tənəzzüldən xilas oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkəmiz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına zəmin yaradıldı. Azərbaycan neftinin 2006-cı il 28 May- Respublika Günündə Ceyhan terminalına çatması münasibətilə təbrik məktubunda dövlət başçısı İlham Əliyev «Əsrin müqaviləsi»nin əhəmiyyətini önə çəkərək bildirmişdir ki, əgər bu saziş imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi. Azərbaycan neftinin məhz 28 May-Respublika Günündə Ceyhan terminalına çatmasının rəmzi mənası olduğunu önə çəkən cənab İlham Əliyev dövlət müstəqilliyimizin qorunmasında «Əsrin müqaviləsi»nin böyük rolu olduğunu qeyd etmişdir. 

-  Nəzərə alaq ki, Qurtuluş eyni zamanda Azərbaycanı beynəlxalq təcriddən xilas etdi... 

-  Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanın informasiya blokadasında  olmasının əsas səbəblərindən biri ölkəmiz haqqında məlumatsızlıq idi. Bu durum erməni yalanlarının ayaq tutub yeriməsinə geniş imkanlar açırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın ətrafında informasiya blokadasının yarılması oldu. Dahi şəxsiyyətin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyəti  faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasın. Azərbaycan  beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  tribunalar əldə etdi. Ümummilli lider Heydər Əliyev faktlar əsasında erməni yalanlarını ifşa edir, onların əsil simasını dünyaya nümayiş etdirirdi. Bir sözlə, ulu öndər  Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi,  Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin  gələcək inkişafı üçün elə etibarlı dayaq yaradıldı ki, bu bünövrənin üzərində respublikamız  sürətlə inkişaf edir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. 

- Tarixi paralellik apardıqda keçilən yolu ümumiləşdirilmiş şəkildə necə ifadə edərdiniz?

-   Azərbaycan Qurtuluşdan bu günə  21 illik bir yol keçib. 21 il zaman baxımından o qədər böyük olmasa da, əldə olunan uğurların miqyasının böyüklüyü bu dövrü daha da zənginləşdirir. Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. 
2005-ci ildə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə tarixi paralellik fonunda Prezident İlham Əliyevin 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını  bildirərək bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək söylədiyi fikirlər məhz əldə olunan uğurların, keçilən yolun ümumiləşdirilmiş ifadəsidir: «O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir.  O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın  iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün  Azərbaycan dünyada  ən dinamik inkişaf edən ölkələrdən biridir.  O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda  milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan  ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın  lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.»
Dövlət başçısı İlham Əliyev Azərbaycanın  dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə  bu reallığı da diqqətə çatdırmışdır:  «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə  Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

 

Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var,  Heydər Əliyev ürəklərdə  yaşayacaqdır

 

Təbii ki, Qurtuluşdan başlanan yolun uğurlarını bir yazı, bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Keçilən yolun, əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərəm ki, müstəqil, müasir Azərbaycanın inkişafı, bir dövlət olaraq dünyada yeri və rolunu möhkəmləndirməsi, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilməsi, vətəndaşların xoşbəxt, firavan həyatının  təmin edilməsi məhz  15 iyun Qurtuluş tarixi ilə bağlıdır. Buna görə də Azərbaycan xalqı  Heydər Əliyev şəxsiyyətinə hörmətini, ehtiramını hər zaman ifadə edir, nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var,  Heydər Əliyev ürəklərdə  yaşayacaqdır.  Azərbaycan xalqını  xoş günə çıxaran, bugünkü uğurlarımızın təməlini qoyan  Qurtuluş Gününün respublikamızın şəhər və rayonlarında, bütün idarə və müəssisələrdə yüksək səviyyədə qeyd olunması eyni zamanda bu reallığın təsdiqidir ki,  xalqımız  Heydər Əliyev ideyalarına sadiqdir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Xalqımız bu siyasətin davamlılığına dəstək olduğunu 2003,  2008 və 2013-cü il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib,  cənab İlham Əliyevə səs verməklə təsdiqləmişdir. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.    Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək,  fundamenti o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var. Bu imkanlar  Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha əzəmətli, möhtəşəm edir. 

-  Son on ilin uğurları gələcək barədə hansı təsəvvürləri yaradır? 

- Möhtərəm Prezidentimiz İlham Əliyevin 2013-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikir son on ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün Azərbaycanın aydın mənzərəsini yaradır. Dövlət başçısı bildirmişdir: «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində  qurulub. Bizim siyasətimiz  müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında  özünə layiq yerini tuta bilibdir.  Azərbaycan daha da güclü  ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.» Qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Ölkəmizin Qurtuluşdan ötən 21 ildə əldə etdiyi uğurlar bu məqsədə də yüksək səviyyədə nail olacağımıza əsas verir. 

- Azərbaycanın uğurlarında neft siyasətinin rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini vacib amil kimi diqqətə çatdırır. Bu məqsədin gerçəkləşməsində  regional inkişaf proqramlarının rolunu necə qiymətləndirirsiniz?

- Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  ilk gündən regionların malik olduğu  potensialdan səmərəli istifadəni vacib amil kimi önə çəkdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda  da cənab İlham Əliyev bu məqamı xüsusi vurğulamışdır: «2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında  xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində  fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində  bu proqramların çox böyük rolu olmuşdur.»
Regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün  yaradılan şərait dinamik inkişafı təmin edir.  Azərbaycanın uğurlu inkişafının bundan sonra da təmin olunacağına əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələrindən bəhs edir. Cari ilin ötən dövründə iqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru isə 8,8 faiz artıb. Düşünülmüş iqtisadi və sosial siyasət uğurların davamlılığının təmin edilməsində əsas amildir. 

 

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları Azərbaycanın dinamik inkişafında mühüm  rol oynayır

 

Dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi qeyd edərək bildirir ki, əgər fikir vermisinizsə, son vaxtlar  neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər də geniş müşavirələr keçirilmir. Çünki bu sahədə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub.  Belə ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Ötən ilin sonunda   «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biridir. Bu layihə dayanıqlı çoxtərəfli əməkdaşlıq əlaqələrinin başlanğıcı kimi dəyərləndirilir.     
Neft  siyasəti  böyük maliyyə resurslarının yaradılmasına geniş imkanlar açır ki, bundan da səmərəli istifadə nəticəsində  həm insanların rifah halının yaxşılaşdırılması, həm də  ölkəmizin inkişafının uğurlu və uzunmüddətliliyi  təmin edilir. Hər bir ölkənin inkişafında iqtisadi amil mühüm rol oynayır. İqtisadiyyatın inkişafı isə uğurlu sosial-iqtisadi islahatlardan asılıdır. Bu islahatlar zamanın tələbinə uyğunlaşdırıldıqda uğurların davamlılığı üçün zəmin yaranır. Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından  xüsusi diqqət çəkir. Son on  ildə  iqtisadiyyat üç dəfədən çox,  büdcə xərcləri  20 dəfə artmış,  yoxsulluq, işsizlik  xeyli dərəcədə  azalmışdır. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollara çatıb. Təbii ki, bu uğurların əldə olunmasında mühüm amillərdən biri  hər bir sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrasıdır. Bakı və Bakıətrafı qəsəbələrin, regionların  sosial-iqtisadi inkişafına  dair  Dövlət Proqramlarında  nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün  paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Bütün bölgələr bu gün inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb.  Rayonlarda,  qəsəbələrdə infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Prezident İlham Əliyev  mütəmadi olaraq bölgələrdə  olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir bölgəyə səfərindən sonra həmin rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri barədə sərəncam imzalaması da ölkənin hərtərəfli inkişafına diqqətdən irəli gəlir. Dövlət başçısı İlham Əliyev bildiririr ki, həyata keçirilən islahatların, görülən işlərin əsasında vətəndaş amili dayanır.    
Artıq üçüncü Dövlət Proqramın icrasına başlanılıb. Möhtərəm Prezidentimiz İlham Əliyev bu inamı ifadə edir ki,  bu proqramın icrası nəticəsində  bu günə qədər həll olunmayan məsələlər, bütün infrastruktur, nəqliyyat, sosial problemlər öz həllini tapacaq.  Təbii ki,   qəbul olunan Proqramların uğurlu icrasında əsas məqsəd Azərbaycanın iqtisadi qüdrətini daha da  artırmaq, hərtərəfli inkişafını sürətləndirmək,  əhalinin sosial müdafiəsini  yüksək səviyyədə  təmin etməkdir. 

-  Şahin müəllim, regional inkişaf proqramları çərçivəsində  rəhbərlik etdiyiniz Ağcabədi rayonunda  hansı işlər görülüb? Üçüncü Dövlət Proqramının icrası  Ağcabədi rayonuna nə vəd edir?         

- Ölkəmizdə aparılan abadlıq-quruculuq işlərində Qarabağ bölgəsi həmişə dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olub. Möhtərəm Prezidentimizin  2011-ci il dekabr ayının 23-də  Ağcabədiyə səfər etməsini, 24 dekabr doğum gününü rayonda məskunlaşmış köçkünlərlə görüşə həsr etməsini, «Mən heç vaxt ad günümü keçirməmişəm. Mənim üçün çox sevindiricidir ki, mən bu günkü ad günümü ailəmlə, yəni sizinlə bir yerdəyəm”» söyləməsini  qədirbilən Qarabağ əhalisi heç vaxt unutmayacaq, həmişə fəxarət  və qürur hissi ilə xatırlayacaq. 
Son 10 ildə Prezident İlham Əliyev Ağcabədiyə 4 dəfə səfər edib, rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə  7 sərəncam imzalayıb. Son 10 ildə şəhərin 2 prospekt, 38 küçəsində abadlıq və quruculuq işləri aparılmış, rayon mədəniyyət evi əsaslı təmir edilmiş, Qaradolaq, Yeni Qaradolaq, Aran, Mehrablı və Kəbirli kəndlərinin içməli su problemi həll edilmiş, Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyəti inzibati binası qarşısında ulu öndərin abidəsi qoyulmuş, ərazisi 4 ha olan Heydər parkı yenidən qurularaq, ulu öndər Heydər Əliyevin  büstü qoyulmuş,  Bayraq meydanı tikilmiş, Heydər Əliyev prospektində 15 iyun parkı, ərazisi 2 ha olan Hindarx qəsəbə parkı salınmış, Üzeyir Hacıbəyli adına park yenidən qurularaq həmin parkda dahi bəstəkarın  büstü qoyulmuş, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Şahmat məktəbi, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binası, Gənclər Mərkəzi, 150 yerlik körpələr evi uşaq bağçası və Qonaq evi  tikilib istifadəyə verilmişdir. Bundan əlavə rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2008-ci ildə 16 mənzilli, 2010-cu ildə 24 mənzilli, 2011-ci ildə 36 mənzilli yaşayış binaları, 82 saylı Dairə Seçki Komissiyasının, Maliyyə İdarəsinin, Su kanal idarəsinin inzibati binaları tikilib istifadəyə verilmişdir. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bütün infrastrukturu olan  556 mənzilli 10 ədəd beşmərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Rayon ərazisində sutkalıq istehsal gücü 250 ton olan ATENA süd məhsulları emalı zavodu, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi Süd emalı zavodu,  5000 tonluq taxıl anbarı, 1000 tonluq soyuducu anbar,  Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və istehsal gücü saatda 50 ton olan Asfalt zavodu tikilib istifadəyə verilmişdir.
Hazırda rayonda Olimpiya İdman Kompleksinin,  Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin, Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə hissəsi üçün yeni binanın  tikintisi aparılır. Bundan əlavə Ağcabədi şəhərində istehsal gücü saatda 1050 kq olan müasir çörək zavodunun və   Rəncbərlər kəndi ərazisində 5000 tonluq soyuducu anbarın tikintisində tamamlama işləri  aparılır.
Son 10 ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 648 sahibkara 30,5 milyon manat güzəştli kredit verilmiş və bunun da nəticəsində 2118 yeni iş yerləri açılmışdır. Ümumilikdə 2003-2013-cü illərdə rayon üzrə 24161 yeni iş yerləri açılmışdır ki, bunun da 11265-i daimi iş yeridir.  Kənd təsərrüfatı məhsulları  istehsalçılarına 2007-ci ildən 2014-cü ilin aprel ayınadək dövlət tərəfindən 18,6 milyon manat məbləğində yardım edilmişdir. Rayonda Torpaq və su analizi labarotoriyası tikilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərmək üçün  «Aqrolizinq» ASC”-nin Ağcabədi filialı yaradılmışdır.
Prezident İlham Əliyevin  Ağcabədi rayonuna 2011-ci ildə  səfəri zamanı Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın təməli qoyulmuş, 2013-cü ildə 205 çarpayılıq, 5 korpusdan ibarət, bütün növ invertar və avadanlıqla təmin edilmiş yeni binanın açılışı olmuşdur. Dövlət Proqramları və digər mənbələr hesabına  son 10 ildə 12220 şagird yerlik 42 yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmiş, 500 şagird yerlik 25 əlavə sinif otağı tikilmişdir.  Hal-hazırda Heydər Əliyev Fondunun xətti ilə  100 yerlik  körpələr evi- uşaq bağçasının tikintisinə başlanılıb.
Qeyd etdiklərimiz son on ildə icra olunan Dövlət Proqramları çərçivəsində görülən işlərin müəyyən hissəsidir. Üçüncü Dövlət Proqramında da rayon üzrə görüləcək tədbirlər öz əksini tapıb. Əminik ki, bu proqram da yüksək səviyyədə icra ediləcək, rayonumuzun inkişafında yeni bir dövr başlanacaq. İnkişaf üçün yeni-yeni vəzifələrin müəyyənləşdirilməsi əsasdır. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edən müasirləşmə, yeniləşmə nəinki paytaxtımızda, eyni zamanda  böləgələrimizdə özünü  qabarıq şəkildə büruzə verir, ölkə ictimaiyyəti bu inkişafdan böyük qürur hissi keçirir.