YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni iqtisadi şəraitdə Azərbaycanın sosial-iqtisadi siyasəti və inkişaf kursu mütərəqqi xarakter daşıyır

   Milli Məclisin deputatı Əsabil Qasımov

- Əsabil müəllim, Azərbaycan son 13 ildə uğurlu inkişaf yolu keçib. Bu müddət ərzində iqtisadi inkişaf kontekstində əldə olunan nailiyyətləri necə dəyərləndirirsiniz?

- Bu gün beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan Azərbaycanın keçdiyi inkişaf yolu, həqiqətən də, təqdirəlayiqdir. Ölkəmiz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsində uğurlu inkişaf yolu qət edib, xüsusilə də sosial-iqtisadi sahədə əhəmiyyətli nailiyyətlər əldə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edib. Ölkəmizdə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Azərbaycan yaradılan möhkəm bazaya əsaslanaraq ölkədə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Kifayət qədər ciddi qlobal risklərlə müşaiyət olunan illərdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur.  Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında avanqard göstəricidir. 2004-cü ildən bəri respublikamıza 200 milyard dollardan çox sərmayələr yönəldilməsi Azərbaycan investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrildiyini, eyni zamanda, respublikamıza inamın artdığını təsdiqləyir. 2004-cü ildən bəri 71 min yeni müəssisənin  yaradılması və təxminən 1,5 milyon yeni iş yerlərinin açılması  respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir.

Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faiz respublikamızın payına düşür.

- Əsabil müəllim, qlobal miqyasda müşahidə edilən iqtisadi-maliyyə problemlərinin fonunda yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanın iqtisadi siyasəti və inkişaf kursu barədə nə deyə bilərsiniz?

- Dünyaya sıx inteqrasiya edən Azərbaycan da qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Artıq xeyli vaxtdır ki, respublikamız arzuolunmaz xarici təsirlər, neftin dünya birjalarında kəskin dəyər itirməsi fonunda yaranan yeni iqtisadi şəraitdə yaşayır. Respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Burada mənfi xarici təsirlər, o cümlədən də neftin dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən siyasi manipulyasiya predmetinə çevrilməsi və ondan təzyiq vasitəsi kimi istifadə olunması əsas rol oynayıb. Məlumdur ki, son 12 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb. Bütün istiqamətlər üzrə respublikamızın göstəriciləri yüksək olub, hətta Davos İqtisadi Forumu və bu qəbildən olan nüfuzlu beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndiriblər. Lakin Azərbaycan dünyada təcrid olunmuş vəziyyətdə yaşamır. Əksinə, ölkəmiz daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edir. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur. Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin vəziyyətdən çıxmaq və ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Respublikamız məlum gərginliklər fonunda da öz inkişafının ardıcıllığını təmin etməyə qadirdir. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib

- Şübhəsiz ki, davamlı tərəqqinin təmin olunması baxımından qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər müstəsna əhəmiyyət kəsb edir. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Azərbaycanın qlobal iqtisadi şokların təsirinə daha az məruz qalaraq  yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə o amillə şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir.

Ölkədə yaranmış hazırkı şərait isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.

- Əsabil müəllim, Azərbaycanda ötən dövrdə regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm naliyətlər də xüsusi vurğulanmalıdır. Bölgələrin tarazlı və davamlı inkişafı istiqamətində görülən tədbirləri və qazanılmış uğurları necə səciyyələndirə bilərsiniz?

- Son 13 ildə Azərbaycanın bütün sahələrdə davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.

- Bütövlükdə, yeni iqtisadi şəraitdə davam etdiriləcək islahat xarakterli tədbirlər perspektiv üçün nə vəd edir?

- Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri artıq müəyyənləşdirilib. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bütövlükdə, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.

- Əsabil müəllim, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd etmək istəyirəm ki, Strateji Yol Xəritəsi milli iqtisadiyyatımızın yaxın, orta və uzunmüddətli dövrdə dinamik inkişafına real zəmin yaradır. Bəllidir ki, strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Fərmana əsasən, milli iqtisadiyyat perspektivi və onun 11 prioritet sektoru üzrə strateji yol xəritələrinin müəyyənləşdirilməsi Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inamlı inkişafını təmin edəcək. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana çıxan yeni çağırışlar və qarşıda duran prioritet vəzifələr nəzərə alınıb. Bəhs olunan Fərmanla təsdiqlənən strateji yol xəritələrində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bütövlükdə milli iqtisadiyyatımız, onun aparıcı sektorları tamamilə yeni və daha möhkəm əsaslar üzərində inkişaf edəcək. Xüsusilə qeydt etmək istəyirəm ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda nəzərdə tutulan tədbirlər ölkədə investisiya və rəqabət mühitini daha da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək.