YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2017-ci ilin dövlət büdcəsi bugünkü çağırışlara cavab verən bir büdcə layihəsidir

   Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə

- Kamran müəllim, hazırda cəmiyyətimizdə geniş müzakirə olunan məsələlərdən biri 2017-ci ilin dövlət büdcəsidir. Milli Məclisdə də bir neçə gün gələn ilin büdcə zərfi müzakirə olundu, millət vəkilləri sənəd ilə əlaqədar bir sıra təkliflərlə çıxış etdilər. Siz, gələn ilin dövlət büdcəsini necə dəyərləndirirsiniz?

- Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin layihəsi geniş müzakirə olundu. Enerji ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, dünyada baş verən geosiyasi proseslər Azərbaycan iqtisaiyyatına da təsirini göstərdi və fikrimcə, gələn ilin büdcəsi bu çağırışlara cavab verən bir büdcə layihəsidir. Sosial xərclər mühüm yer tutur və keçən illərdəki kimi dövlət bütün sosial öhdəliklərinin yerinə yetirəcək. Xərclər hissəsi maksimal səmərəlilik amili ilə hesablanıb və məhz bu ən vacib amildir. Dövlət qurumları ayrılmış vəsaitləri qənaətlə xərcləməli olacaqlar, ümumilikdə bütün subyektlər işlərini və idarəetmə sistemini effektiv qaydada təşkil etməli olacaqlar ki, bu da zamanın tələbidir.

Milli Məclisdə və cəmiyyətdə büdcənin müzakirəsi zamanı müxtəlif fikirlər söylənildi. Məni daha çox büdcənin gəlirlər hissəsi düşündürür, çünki məhz gəlirlər hissəsi büdcəni və onun icrasını formalaşdırır. Bu baxımdan, gəlirlərin artması imkanlarına daha çox önəm verilməlidir, bu artım da bir başa iqtisadiyyatın ümumi artımı, Ümumi Daxili Məhsulun artması ilə bağlıdır. Çünki məhz bu sahədə yığılan vergilər büdcənin gəlirlər hissəsini təşkil edir. Burda ən müsbət məqam odur ki, büdcədə neftin qiyməti 40 dollar səviyyəsində götürülüb. Nəzərə alsaq ki, OPEK-in proqnozlarına görə gələn il Azərbaycan ən azı 240 milyon barel xam neft ixrac edəcək. 2017-ci ildə neftin orta illik qiyməti 48-55 dollar ətrafında proqnozlaşdırılır, bu proqnozlar gerçəkləşsə ən minimal halda ölkəyə 2 milyard dollar həcmində əlavə vəsait daxil olacaq.

- Sizcə, dövlət başçısının  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” haqqında imzaladığı Fərmanın iqtisadi inkişaf perspektivləri baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin gələcək iqtisadi strategiyasının prinsiplərini açıqladı və iqtisadi inkişafın ən prioritet istiqaməti kimi qeyri-neft sektorun həcminin artırılması bir məqsəd kimi vurğulandı. Əlamətdardır ki, məhz parlamentdə büdcə müzakirələri başlanan gün, dekabrın 6-da,  ölkə başçısı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” haqqında Fərmanı imzaladı və bu Fərmanda iqtisadiyyatın bütün sahələrinin inkişaf və artım istiqamətləri göstərilir. Bu il Milli Məclisdə bir sıra qanunlara dəyişikliklər edildi, istehsal, gömrük və vergi sistemində yeniliklər tətbiq olundu ki, bu da iqtisadiyyatın daha şəffaf və dinamik inkişafına yönəlib.

- Qeyd etdiyiniz kimi əsas  hədəflərdən biri qeyri-neft sektorunun inkişafıdır. Bu sahədə mövcud potensialın səviyyəsi haqqında da fikirlərinizi bilmək istərdik...

- Əlbəttə ki, real sektorda da böyük işlər görülüb. Belə ki,  texnoloji və aqrar parkları yaradılıb, istehsal və kənd təssərüfatı sahələrinin açılıb. Kənd təssərufatında, xüsusi ilə də kartofçuluq, baramaçılıq, taxılçılıq, heyvandarlıq sahələrində 2016-cı ildə atılan addımlar gələn il öz bəhrəsini verəcək. Digər perespektiv sahə isə informasiya və kommunikasiyalar sahəsidir. Bu sahədə Azərbaycanda çox işlər görülüb, bununla bərabər boyük realizə edilməmiş potensial mövcüddür və bu sahənin də inkişafı gələn il əlavə vəsaitlərin əldə olunmasını təmin edə bilər.

Daha bir gəlir gətirən və böyük həcmdə məşğulluğu təmin edən sahə tikinti sahəsidir. Büdcədə əsaslı tikinti xərclərinin və bu sahədə dövlətin kapital qoyuluşunun həcmi azalsa da,  sərmayələr digər formada cəlb olunur. Bu il az təminatlı ailələr üçün sosial mənzillərin tikintisi layihəsi üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılıb və ucuz və əlverişli evlərin inşaası nəzərdə tutulub. Bakıda qəzalı vəziyyətdə olan evlərin söküntüsü və onların yerində yeni müasir evlərin tikintisi pilot layihəsi bu il başlanıb və bu lahiyə üzrə potensial investorlara bir sıra qüzəştlər tətbiq olunur. Hər iki layihə üzrə artıq investisyalar cəlb olunur, bu həm inşaat sahəsində məşğulluğu təmin edəcək, həmdə əlavə dəyər yaradacaq və gələn ilin büdcə gəlirlərini artıracaq.

- Kamran müəllim, qeyri-neft sektorunda büdcə  gəlirlərinin mühüm bir hissəsi özəl sektordan gələn vergilər hesabına formalaşır. Bu baxımdan, sahibkarlığın inkişafı istiqamətində daha hansı addımların atılması məqsədəuyğundur?   

- Büdcənin qeyri-neft sektorunda yaranan gəlirlərin böyük həcmi sahibkarlıq fəaliyyətindən verilən vergilərdən mənbələnir. Sahibkarlığın inkişafı sahəsində dövlət bir çox addımlar atıb, bu sahədə şəffaflıq təmin edilib. Düşünürəm ki, bu iş davam etdirilməlidir və dəstək daha da artmalıdır. Hər bir məmur, hər bir insan başa düşməlidir ki, sahibkarlara yaradılan maneələr və çətinliklər büdcə gəlirlərin azalmasına gətirə bilər, iqtisadiyyatın inkişafına ziyan vura bilər. Dövlət strukturları bu sahədə daha çox tənzimləyici və stimullaşdırıcı funksiyalarını icra etməlidir, nəinki nəzarət və qadağan etmə funksiyalarını.

Sahibkarlıq fəaliyyətinin inkişafı üçün daha bir vacib amil bank sisteminin güclənməsi, ucuz və əlverişli kredit resurslarının mövcüdluğudur. Bu gün bu sahədə ciddi problemlər yaşanır, sahibkarlar çətinliklərlə üzləşirlər. Banklar çətin anlar yaşayırlar, onların kredit portfelləri azdır, kreditlərin faiz dərəcələri yüksəkdir. Bəzi innovativ biznes layihələri elmi tədqiqatlara əsaslanır və çox məhsuldar ola bilərlər, lakin kreditləşmə üçün tələb olunan girovun olmaması bu cür layihələrin icrasını mümkünsüz edir. Halbuki, belə layihələr sahibkarlıq fəaliyyətinin elmi əsaslarını və elmi tədqiqatların istehsalda tətbiqini gücləndirərdi. Bu məqamda məhz investisiya tipli bankların əhəmiyyəti artır. Nəzərə alsaq ki, dünya maliyyə institutlarında böyük miqdarda kredit resursları cəmləşib, Avropa ölkələrində kredit faizləri 2-3%, bəzi ölkələrdə hətta 0% təşkil edir, bir neçə nüfuzlu və güclü xarici banklarının Azərbaycan kredit bazarına cəlb olunması məsələsi aktuallaşır. Bu ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində perspektiv addımlardan biri ola bilər. Prosesin müsbət cəhətləri ondan ibarətdir ki, ölkədə kredit bazarı genişlənəcək, sahibkarlar əlverişli kreditləri əldə edəcək və bank sahəsində sağlam rəqabət güclənəcək. Digər tərəfdən, bu prosesin mənfi tərəfi də var: ölkənin iqtisadi təhlükəsizliyinə ziyan dəyə bilər, xarici banklar istənilən zaman ölkənin maliyyə siyasətinə spekulyativ şəkildə müdaxilə edə bilərlər. Məhz buna görə, bu addım geniş şəkildə təhlil olunmalıdır, xarici investisiya bankları Azərbaycana cəlb olunarsa onların fəaliyyəti  Maliyyə Bazarlarına Nəzarət Palatasının ciddi nəzarəti altında aparılmalıdır. Müvafiq dövlət qurumları, bank sahəsinin mütəxəssisləri və ölkənin tanınmış iqtisadçıları arasında bü mövzu üzərində müzakirələrin aparılması çox vacibdir.

Bütövlükdə isə ümidvaram ki, 2016-ci ildə Azərbaycan iqtisadiyyatında atılan məqsədyönlü addımlar 2017-ci ildə öz bəhrəsini verəcək və gələn il büdcə gəlirləri artacaq.