YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu

Müsahibimiz Milli Məclisin deputatı Hüseynbala Mirələmov

- Hüseynbala müəllim, xalqımız  15 İyun Milli Qurtuluş Günün böyük coşğu ilə qeyd edir. Sizcə,  Milli  Qurtuluş Günü Azərbaycana və xalqımıza nə verdi?

- Bu suala cavab vermək üçün ilk növbədə 1993-cü ilin təzadlı, qardaşın qardaşa silah çəkdiyi günləri xatırlamaq kifayətdir. Yenicə müstəqillik qazanmış hər bir dövlətin qarşısında həlli vacib məsələlər dayanır ki, onların yüksək səviyyədə yerinə yetirilməsi, qarşıya qoyulan məqsədə nail olmaq üçün düzgün yolun seçilməsi mütləqdir. Bu yolun düzgün müəyyənləşdirilməsi isə ölkəyə rəhbərlik edən liderin siyasi bacarığından, dövlətçilik təcrübəsindən çox asılıdır. Müstəqilliyimizin ilk illərində isə ölkəyə şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan qüvvələrin rəhbərlik etməsi, bunun nəticəsi olaraq geniş vüsət alan ictimai-siyasi gərginlik, hərc-mərclik, anarxiya və özbaşınalıqlar, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnmişdi. Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

O vaxt insanların küçələrə, gəzintiyə çıxması mümkün deyildi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. AXC-Müsavat hakimiyyətini təmsil edən məmurların televiziya ekranlarında tərbiyəsiz, azğın hərəkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür. Eləcə də, hər gün Bakıya və rayonlara cəbhə bölgəsindən gələn onlarca şəhid əsgərlərin tabutlarını, yas içində ağlar qalaq anaların fəryadını xatırlayıram. Xalqımızı belə ağır vəziyyətdən isə Ümummilli liderimiz Heydər Əliyev xilas etdi.

Bəli, bu gün qürurla deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyunun 9-da Bakıya gəlişi Azərbaycanı inkişafa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşdü. Böyükdən kiçiyə, kiçikdən böyüyə – hamının ümidi Ona idi. Hətta ən amansız rəqibləri və sədaqətli dostları belə ölkəni yaranmış xaosdan, hərc-mərclikdən yalnız Onun xilas edəcəyinə inanırdılar. Başqa birinin yox! Bəli, O, xalqın görən gözü, düşünən beyni, vuran ürəyi, xilas məşəli idi. Ona görə də, Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi tarix- 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

 Beləliklə,1993-cü il iyunun 15-də Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında keyfiyyətcə yeni dövrün başlanğıcı oldu. Bu qayıdış, sözün həqiqi mənasında, Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluşu oldu.

- Tarixdə şəxsiyyətlərin rolundan danışarkən, hər zaman Ulu öndər Heydər Əliyevin xalqımız qarşında misilsiz xidmətləri göz önündən keçir. Sizcə, 1993-cü ilin iyun hadisələrindən ağır fəsadlarından xalqımızın xilası tariximizdə necə xatırlanır?

- Tarix – şəxsiyyətlərin cəmiyyətlərdəki çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır və ona dəyər verir. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında, ən çətin məqamlarında Heydər Əliyev Azərbaycanı yaranmış vəziyyətdən çıxardı, bütün atributları ilə hüquqi, demokratik dövlət qurdu. Heydər Əliyev kimi dahi şəxsiyyətin xidmətləri zamana, məkana, bir əsrə sığmır. Heydər Əliyev bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol-yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.

Mənə elə gəlir Heydər Əliyevin taleyində ən vacib mərhələ Onun Azərbaycanı ölümdən oluma aparması, uçurumdan zirvəyə qaldırması, milli kimliyimizi, müstəqil dövlətçiliyimizi xilas etməsi dövrü olub.

- Ümummilli liderimiz Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılıb, kitablar nəşr olunub. Bu əsərlər dahi şəxsiyyətin fəaliyyətini necə əks etdirir?

- Bu gün müasir Azərbaycanın sürətli inkişafı göz qabağındadır. Və bu inkişaf bünövrəsini qoyan Ulu öndərimiz Heydər Əliyev haqqında istər ölkəmizdə, istərsə xarici ölkələrdə nəşr olunan sənədli-publisistik kitablar getdikcə ənənə halını alması çox təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd edim ki, "Görkəmli adamların həyatı" seriyasından olan "Heydər Əliyev" kitabım dünyanın 38 dilinə tərcümə edilmişdir. Ən böyük Azərbaycanlının, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin ruhu qarşısında azca da olsa, öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram. Əcnəbi dillərinə tərcümə olunan "Görkəmli adamların həyatı" seriyasından olan Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabımda Azərbaycan haqqında çoxlu maraqlı məqamlar vardır.

Onu qeyd edim ki, bu ilin aprel ayında Azərbaycan nümayəndə heyətinin tərkibində Afinada səfərdə oldum. Yunan dilində nəşr olunmuş “Heydər Əliyev: Lider və onun dövrü" kitabının təqdimat mərasimində isə 300-dən yuxarı Yunanıstan ictimaiyyətinin görkəmli adamları, ictimai adamları, ictimai xadimləri, parlament deputatları və ölkədəki diplomatik korpusların nümayəndələri iştirak etdilər.

Dünyanın görkəmli yazıçıları da Ulu öndər Heydər Əliyev haqqında dəyərli fikirlər söyləyiblər. Türk dünyasının görkəmli qələm sahiblərindən biri – qazax şairi, yazıçı və ictimai xadim Oljas Süleymenovun böyük etiramla ustad dediyi Ümummilli liderimizi "iki əsrin qəhrəmanı" adlandırır. Doğurdan da, Oljas Süleymenovun dediyi kimi, eyni ölkədə iki dövlət – istər sovet dönəmində, istərsə də müstəqillik dövründə – Azərbaycana rəhbərlik etmək nəsib olmuş Heydər Əliyevin unikal təcrübəsi xüsusən çox dəyərlidir.

- Hüseynbala müəllim, istrədik ki, Heydər Əliyev siyasətinin uğurlu davamı haqqında da fikirlərinizi bildirəsiniz...

- Ümummilli liderin uzaqgörənliklə qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” söyləyən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi dahi şəxsiyyətin uzaq gələcəyə hesablanmış siyasətində əsas yer tuturdu. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən layihələrin bu gün uğurla gerçəkləşməsi Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər sahədə inamla irəliləyir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 12 ilin uğurlarına diqqət yetirdikdə bu fikrin konkret əməli işdə təsdiqini tapdığının şahidi oluruq. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.