YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni hədəflərə doğru inamla addımlayır

   Milli Məclisin sədri, MM-in deputatlığına namizəd Oqtay Əsədov

- Hörmətli Oqtay müəllim, ölkəmizin  ictimai-siyasi həyatında son dərəcə mühüm bir hadisə ərəfəsindəyik. Qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu siyasi proseslə bağlı fikirlərinizi bilmək istərdik.

- Hər bir müasir ölkədə qanunvericilik orqanına seçkilər və bu prosesin şəffaf gedişi demokratik inkişaf səviyyəsinin əsas  göstəricilərindən biridir. Parlament seçkilərinin əhəmiyyətini müəyyənləşdirən məqam budur ki, xalq növbəti dövr üçün ali  hakimiyyətin mühüm qollarından birinin tərkibini formalaşdırır.

Bugünkü Azərbaycan möhkəm əsaslar üzərində qurulmuşdur.  Müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyevin fədakar əməyi sayəsində milli dövlətçiliyimizin təməli qoyulmaqla yanaşı, onun ideoloji-siyasi dayaqları da yaradılmışdır. Bu dahi şəxsiyyətin müstəqil dövlətçilik məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, müasir dünyada cərəyan edən mürəkkəb  iqtisadi və siyasi proseslər şəraitində Azərbaycanı yeni-yeni zirvələrə aparan ideoloji baza rolunda çıxış edir.

Azərbaycan parlamenti bugünkü dövlətçilik sistemimizdə mühüm yer tutur. Bu sahədə mövcud olan tarixi ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından ölkənin Milli Məclisinə qloballaşan dünyada baş verən proseslərə bələd olan müasir dünyagörüşlü insanların seçilməsi, ölkənin siyasi palitrasının və plüralizmin Milli Məclisdə əks olunması, milli mənafelərə söykənən qanunvericiliyin inkişafı günün tələbidir.

Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, sabitlik olmayan yerdə inkişaf da mümkün deyildir. Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik ölkə qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Heç də təsadüfi deyildir ki, bu gün Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 80 faizindən çoxu Azərbaycanın payına düşür. Artıq kosmik klubun bir üzvü olan Azərbaycan vaxtilə borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Dövlətimizin haqq səsi dünyanın mötəbər kürsülərindən cəsarətlə səslənir.  

Ölkədə vətəndaş cəmiyyətinin formalaşması, xalqın rifahının günü-gündən artırılması kimi amillər milli mənafelərə xidmət edir. Məhz bunun nəticəsində Azərbaycan özünün müstəqillik tarixində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.  

Azərbaycanda uğurlu siyasi və iqtisadi islahatların aparılmasında  parlamentin rolu böyükdür. Məhz buna görə dünyada cərəyan edən siyasi və iqtisadi böhran  Azərbaycana bir o qədər də mənfi təsir göstərə bilməmişdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, seçki ərəfəsində Azərbaycanın inkişafını, ölkədəki sabitliyi, xalqla iqtidar arasındakı birliyi  gözü götürməyən qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Bu işdə onlara erməni millətçilərinə xidmət edən xarici havadarları da yaxından kömək göstərirlər.

Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, bölgədə heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Bizimlə heç kəs diktə dilində danışa bilməz.  Görünür, ölkə rəhbərliyinin tutduğu bu xətt  xaricdəki bir sıra dairələri narahat edir. Onlar varlı, qüdrətli, sözün əsl mənasında müstəqil Azərbaycanı heç vəchlə  “həzm” edə bilmir, ölkəmizi  zəif və “sözəbaxan” görmək istəyirlər.

Fikirlərimin təsdiqi üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Bu yaxınlarda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son  qətnaməsi buna bir misaldır. “İnsan hüquqlarının müdafiəsi” adı altında bizə hücum çəkənlərin hansı məqsədlərə xidmət etdikləri  gün kimi aydındır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqının hüquqlarına biganə yanaşan, Azərbaycan torpaqlarının işğalına göz yuman bu siyasətbazlar, görünür, ikili standartlar mərəzindən heç cür xilas ola bilmirlər. Azərbaycan kimi ərazicə kiçik bir ölkə 1 milyon qaçqının problemlərini uğurla həll edə bildiyi halda, qoca Avropa bir ovuc qaçqın probleminin əlində “əsir-yesir” qalıb.

Milli Məclis bu məsələ ilə əlaqədar xüsusi iclas keçirərək, özünün 15 sentyabr 2015-ci il tarixli qərarında Avropa Parlamentinin yuxarıda adı çəkilən qətnaməsini Azərbaycanın siyasi hakimiyyətinə atılmış şər və böhtan kimi, tərəfdaşlıq münasibətlərini sarsıtmağa, ölkəni dünyaya inteqrasiya proseslərindən təcrid etməyə yönəlmiş uğursuz cəhd kimi dəyərləndirmişdir.

Azərbaycan xalqı öz Prezidentinə inanır və onun yeritdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Bu cür kağız parçaları ilə Azərbaycanı  ləkələmək istəyənlər bu hərəkətlərindən əl çəkib Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq haqqında düşünsəydilər, təmsil etdikləri  xalqlara, seçicilərinə daha çox fayda vermiş olardılar.

Hər cür təzyiqlərə baxmayaraq, Azərbaycanda seçkiqabağı proses dünyada qəbul olunmuş demokratik prinsiplər əsasında azad və şəffaf şəkildə davam edir. Bunun üçün Milli Məclis tərəfindən mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır. Seçicilərin öz iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Heç şübhəm yoxdur ki, noyabrın 1-də – seçki günü xalqımız ən layiqli oğul və qızlarına səs verərək, öz yeni parlamentini formalaşdıracaqdır.

Əminəm ki, yeni seçiləcək parlament qarşıdakı illərdə Azərbaycanda demokratik proseslərin daha da dərinləşməsinə, hüquqi dövlət quruculuğuna, ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verməklə, müasir parlamentarizm  tariximizin yeni, müsbət məna ilə dolu səhifəsini yazacaqdır.

- Hörmətli Oqtay müəllim, Siz ölkənin iki çağırış Milli Məclisinə rəhbərlik etmisiniz. Sizin sədrliyiniz dövründə ölkənin ictimai-siyasi həyatında parlamentin oynadığı rol  barədə nə deyə bilərsiniz?

- Parlament ölkənin siyasi və hüquqi sisteminin dayaqlarından  biridir. Burada qəbul edilən qanun və qərarlar təbii olaraq ölkənin ictimai-siyasi həyatına öz təsirini göstərir. Azərbaycanda sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaranmasına Milli Məclis önəmli töhfəsini vermişdir. Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədi ilə hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi həmişə Milli Məclisin diqqət mərkəzində olmuşdur.

Ulu öndər tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Azərbaycanın iqtisadi inkişaf modeli bütün dünyada təqdir olunur. Dövlət başçısı haqlı olaraq vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin genişlənməsini, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini, qeyri-neft sektoruna diqqətin daha da artırılmasını Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edir.

Bu gün regionun iqtisadi simasını dəyişmək iqtidarında olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Azərbaycan bununla kifayətlənmir. Qədim İpək yolunu dəmir relslər üzərinə keçirmək arzusunda olan ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin köməyi ilə  Asiya ilə Avropanı birləşdirəcək yeni kommunikasiya qovşağı yaratmağa hazırlaşır. TANAP kimi mühüm qaz layihəsinin reallaşması isə nəinki regionun, eləcə də Avropanın enerji xəritəsini dəyişəcəkdir.

Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtı Bakı mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkana çevrilmişdir.  Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq adi hal almışdır.  Eurovision-2012, Birinci Avropa Oyunları kimi tədbirlər buna parlaq misaldır. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına və digər nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etmək əzmindədir.   Bütün bunlar ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən xəbər verir.

Bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan parlamenti də öz töhfəsini vermişdir. Belə ki, Milli Məclis həmişə dövlət başçısı tərəfindən həyata keçirilən quruculuq işlərini, həyatın bütün sahələrində islahatların aparılmasını öz səlahiyyətləri çərçivəsində dəstəkləmişdir.  Ötən illərdə Milli Məclis qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Ümumiyyətlə, son 10 il ərzində Parlamentin 266 iclası keçirilmiş, 2516 qanun və qərar qəbul olunmuşdur. Onlardan 6-sı Konstitusiya qanunu, 23-ü Konstitusiya qanununa dəyişikliklər, 263-ü qanun, 1363-ü qanuna dəyişikliklər və əlavələr, 301-i isə qərardır. Parlament mənim sədrliyim dövründə  560 beynəlxalq müqavilə və konvensiyanı qanunla təsdiq etmişdir.  

Bu gün Azərbaycanın bütün sahələr üzrə hüquqi bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir.

Parlamentdə qəbul olunmuş sənədlərin mühüm bir hissəsi  ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İlham Əliyev hələ 1995–2003-cü illərdə Azərbaycan parlamentinin deputatı olduğu dövrdə Milli Məclisin qanunyaratma fəaliyyətində yaxından iştirak etmiş, qanunvericiliyimizin müasir standartlar səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə dəyərli töhfələr  vermişdir. Onun yaxından iştirakı ilə formalaşmış milli parlament diplomatiyası ənənələri bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.

Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının tam hüquqlu, NATO Parlament Assambleyasının  assosiativ üzvüdür. Milli Məclis digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.

Beynəlxalq əməkdaşlıq müstəvisində aparılan bu siyasət artıq öz bəhrələrini verməkdədir. Heç də təsadüfi deyildir ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı soyqırımını tanımışlar. Bütün bunlar Azərbaycan parlament diplomatiyasının uğurlarından xəbər verir.

Parlamentdə 80-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayırlar.

Azərbaycan Prezidenti deputatlara günün tələbləri səviyyəsində iş şəraitinin yaradılması məqsədi ilə Milli Məclisdə deputat köməkçisi institutunun təsis edilməsinə böyük dəstək vermişdir. Dövlət başçısının təşəbbüsü və qayğısı ilə Milli Məclisin siması tamamilə yenilənmişdir. Parlamentin yeni korpusu tikilib istifadəyə verilmiş, maddi-texniki bazası yenidən qurulmuşdur. Milli Məclisə gələn xarici qonaqlar parlamentdə millət vəkilləri üçün yaradılmış şəraitə heyran qaldıqlarını dəfələrlə vurğulamışlar. Burada müasir iclas salonları, ümummilli lider Heydər Əliyevə həsr olunmuş Xatirə zalı, zəngin kitabxana yaradılmışdır. Milli Məclisdə müasir informasiya texnologiyaları  surətlə  tətbiq olunmaqdadır. Elektron qanunvericilik bazasının yaradılması bu sahədə mühüm nailiyyətlərdəndir.

Bu gün Azərbaycanda hakimiyyətin icra və qanunvericilik qolları arasında konstruktiv əməkdaşlığın mövcudluğu vahid dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

- Ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası budəfəki parlament seçkilərində “Yeni hədəflərə doğru!” şüarı ilə gedir. Bu barədə Sizin fikirlərinizi bilmək istərdik.

- Məlum olduğu kimi, ulu öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Öz sıralarında əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələrini birləşdirən bu siyasi qurum öz fəaliyyəti ilə azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Bir qədər keçmişə nəzər saldıqda görürük ki, YAP hakimiyyətə ilk dəfə gəldiyi dövrdə ölkə hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir. Partiyanın iqtidarda olduğu dövrdə Azərbaycanın əldə etdiyi uğurlar ölkə hüdudlarından kənarda da, hətta bizi istəməyən dairələr tərəfindən də etiraf olunur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni hədəflərə doğru inamla addımlayır. Müasir Azərbaycan artıq dünya birliyində özünü təsdiqləməklə yanaşı, bütöv bir bölgənin iqtisadi tərəqqisinə təkan verə biləcək bir gücdədir.

Biz bütün bunlara partiyamızın lideri və dövlətimizin başçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində nail olmuşuq. Məhz İlham Əliyevin prezidentliyi dövründə inkişafın Azərbaycan modeli dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də təqdir olunmuşdur. Ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu sürətlə davam etdirilir. Siyasi sistemin inkişaf etdirilməsi, hərtərəfli islahatların həyata keçirilməsi üçün vacib olan qanunlar qəbul olunmuş,  mövcud qanunlar daha da təkmilləşdirilmişdir.  Bütün bunlar parlament tərəfindən Prezidentin yürütdüyü siyasətə dəstəyin ifadəsidir.

Ölkə Prezidenti dəfələrlə bəyan etmişdir ki, keçid dövrünü arxada qoymuş Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxmalıdır. Nəzərdə tutulmuş bütün sosial proqramlar həyata keçirilməlidir. Bu gün dünya iqtisadiyyatında davam edən böhrana baxmayaraq, ölkəmiz düşünülmüş siyasət sayəsində bu təlatümlərdən az itki ilə çıxmağa  nail olmuşdur. Bütün bunlar Azərbaycanın siyasi və iqtisadi sisteminin necə möhkəm təməllər üzərində dayanmasının göstəricisidir.

Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması,  iqtisadiyyatda uğurlu nəticələrin əldə olunması ölkənin sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırmışdır. Bütün bu nailiyyətlər YAP-ın iqtidarda olduğu dövrdə Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunmuşdur.

Partiyanın Siyasi Şurasının üzvü kimi deyə bilərəm ki, partiyanın Sədri tərəfindən ölkə qarşısında qoyulan hədəflər dəqiq müəyyənləşdirilmişdir. Partiya nə istədiyini və qarşıya qoyulan məqsədlərə necə nail olmağın yollarını yaxşı bilir. İnanıram ki, qarşıdakı seçkidə Yeni Azərbaycan Partiyasının nümayəndələri növbəti dəfə böyük uğur qazanaraq, parlamentdə yerlərin əksəriyyətini əldə edəcəklər. Çünki xalq YAP-a və onun rəhbəri Prezident İlham Əliyevə qəlbən inanır. Onun başçılığı ilə görülən işlərin doğma Azərbaycanımızı hansı səviyyəyə yüksəltdiyini görüb yəqin etmişdir.  

Heç şübhə etmirəm ki,  yeni seçiləcək V çağırış Milli Məclis də öz sələfi kimi qarşıda dayanan hədəflərə çatmaq naminə ölkə Prezidentinin yeritdiyi siyasəti lazımınca dəstəkləyəcəkdir. Bu işdə hamımıza, bütün Azərbaycan xalqına uğurlar arzulayıram!