YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İlham Əliyevin Ümummilli liderimizin inam və etimadını doğrultmasının zirvə nöqtəsi 8 Noyabr – Zəfər günüdür

Müsahibimiz Milli Məclisin Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev

- Adil müəllim, çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Bu il Zəfərimizin birinci ildönümünü qeyd etdik. Uğurlarımızın zirvəsində dayanan Qələbəmizə gedən yola bir daha nəzər salaq...

- Qələbəyə gedən yol barədə günlərlə danışmaq, mövzuya siyasi, iqtisadi, diplomatik, mənəvi-psixoloji, hərbi-strateji, tarixi və sair kimi çox aspektlərdən baxmaq, bir çox hadisə və prosesləri vurğulamaq olar. Qələbəyə gedən yolda Cocuq Mərcanlı kəndinin 2016-ci il Aprel döyüşləri zamanı azad edilməsi bir önəmli mərhələ idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ o vaxt demişdi ki, işğal altında olan torpaqlarımıza böyük qayıdış Cocuq Mərcanlıdan başlayacaq.

Bu belə də oldu. Cocuq Mərcanlıda Şuşadakı Gövhər Ağa məscidinin modeli əsasında məscid tikildi. Cocuq Mərcanlının doğma sakinləri öz doğma kəndlərinə qayıtdı. Vətən müharibəsindən sonra Şuşada Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi və digər məscidlər və dini abidələr bərpa olunub. Artıq şuşalılar Şuşada açılmış otellərdə və digər iş yerlərində çalışırlar. Bu baxımdan sanki Cocuq Mərcanlı Vətən müharibəsində işğaldan azad edilmiş kənd və şəhərlərimiz üçün bir örnəyə, bir modelə çevrildi. 2016-cı il Aprel döyüşləri bizim özümüzə inamımızı və qələbəyə inamımızı birə beş artırdı. Eyni zamanda, Ermənistan tərəfində ruh düşkünlüyünün başlanğıcını qoydu, məğlubedilməzlikləri haqqında yaratdıqları mifi silkələyib laxlatdı. Vətən müharibəsində isə bu mif ümumiyyətlə darmadağın edildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclər və vətənpərvərlik sahəsində apardıqları sistemli fəaliyyətlərin rolu əvəzsizdir. Çünki biz qələbəyə təkcə silah-sursatla döyüş meydanında nail olmadıq, həm də düşməni mənəvi cəbhədə vətənpərvərliyimizlə, doğma torpağa bağlılığımızla və ondan irəli gələn cəsarət və motivasiyamızla məğlub etdik.

Ulu öndər, ümummilli lider mərhum Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi, onu qoruyub saxlamağa, inkişaf etdirməyə müvəffəq oldu. İlham Əliyev isə böyük Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə dövlət quruculuğumuzda öz sözünü dedi. Amma bir məsələni qeyd etməliyəm ki, dövlət quruculuğundan əlavə millət quruculuğu mövzusunda da Heydər Əliyev və İlham Əliyev böyük işlərə imza atıblar. Burada həm Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, həm də İlham Əliyevin dövlət siyasəti elan etdiyi multikulturalizm doktrinası vurğulanmalıdır.

Millət quruculuğunun bəhrəsini də Vətən müharibəsində gördük. Ermənistan və digər xarici qüvvələr Azərbaycanın etnik və dini mənsubiyyət baxımından zəngin bir ölkə olduğu üçün müharibənin gedişində kimlik zəminində nifaq salmağa cəhdlər etdilər. Elə cəhdlərə ən yaxşı cavab Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sarsılmaz birlik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları oldu. Bu isə təbii ki, millət quruculuğu istiqamətində görülmüş işlərin və yürüdülmüş siyasətin bəhrəsi idi.

- Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı son 18 ildə özünü necə doğrultdu?

- Ulu öndər 2003-cü ildə xalqa son müraciətində deyirdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İlham Əliyevin ümummilli liderimizin inam və etimadını doğrultmasının zirvə nöqtəsi 8 Noyabr – Zəfər günüdür. Həmin gün Azərbaycanın tarixi, müqəddəs Şuşa şəhəri azad edildi. Cənab Prezident bu xəbəri xalqımıza elan edərkən bildirdi ki, Heydər Əliyevin qəbrini ziyarət edib və ata vəsiyyətini yerinə yetirib. Ancaq İlham Əliyevin ulu öndərin inam və etimadını doğrultması təkcə Zəfərimizlə məhdudlaşmır. O, prezidentliyi dövründə hər gün, hər sahədə həmin inam və etimadı doğrultmuşdur. Onun “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” sözü və bu sözdən irəli gələn çoxillik, gündəlik fəaliyyəti də bunu təsdiq edir.

- Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”  fikri özündə hansı məqamları ehtiva edir?

- Ulu öndər, ümummilli lider mərhum Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ üçün gördüyü işlərin dəyəri zaman keçdikcə bizə daha da bəlli olur. Naxçıvanski adına hərbi məktəbin yaradılmasını misal çəkmək olar. Müstəqillik dövründə isə ulu öndərin bu istiqamətdə  fəaliyyəti misilsizdir. Xarici səfərləri zamanı əlində çubuqla xəritə üzərində Azərbaycanın harada yerləşməsini və Qarabağın onun tərkib hissəsi olduğunu səbrlə beynəlxalq auditoriyalara şəxsən çatdırırdı. O, siyasi, diplomatik və iqtisadi sahələrdə yorulmadan bu gün Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz böyük Zəfərin təməlini qoyurdu. Mərhum Heydər Əliyevin vəfatından sonra onun davamçısı İlham Əliyev həmin işləri tamamladı və məntiqi sonluğuna gətirdi, Şuşanı, Qarabağı düşməndən azad etdi və ərazi bütövlüyümüzü bərpa etdi.
İlham Əliyev Heydər Əliyevin həm siyası hakimiyyətdə davamçısı olaraq, həm də onun oğlu kimi ulu öndərin təməlini qoyduğu işi başa çatdırdı, yəni onun vəsiyyətini yerinə yetirdi. Heydər Əliyevin məşhur çıxışı var: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”. Şuşaya getdik. Heydər Əliyev Azərbaycanın rəhbəri kimi 1982-ci ildə bir il ərzində iki dəfə Şuşaya səfər etmişdi, çünki o, Şuşaya, Qarabağa xüsusi önəm verirdi, ermənilərin məkrli niyyətlərinin qarşısını almağa yönəlik işləri hələ o vaxt aparırdı.  İlham Əliyev Heydər Əliyevin həmin il açılışını etdiyi Molla Pənah Vaqifin məqbərəsini bərpa edib yenidən həyata qaytardı, Vaqif poeziya günlərini yenidən Şuşada təşkil etdi. Bu əslində Qarabağın Azərbaycana yenidən qovuşmasının rəmzi idi. Mən İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsini belə görürəm. Yəni bu vəsiyyət ata-oğul arasında olan şəxsi xarakterli vəsiyyət idi, həm də hakimiyyəti tərk edən dövlət başçısının öz siyasi varisinə vəsiyyəti idi. Buna görə də həmin vəsiyyət ümummilli xarakter daşıyırdı. Heydər Əliyevin vəsiyyəti əslində bütün azərbaycanlıların istəyi idi.

- Azərbaycan dərin islahatlar ölkəsi kimi tanınır. 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasında çıxışı zamanı dövlət başçısı İlham Əliyev qarşıya mühüm vəzifələr qoydu. Parlament davamlı islahatlar prosesinə hansı töhfələrini verir?

- Prezident İlham Əliyev də öz çıxışında bildirdi ki, islahatlara əsas dəstəyi qanunvericilik sahəsində olmalıdır. Parlament qanunverici orqandır. Parlamentin Prezidentin apardığı davamlı islahatlar prosesinə əsas töhfəsi yeni qanunların və sənədlərin qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq dəyişikliklərin edilməsidir. Milli Məclis bu istiqamətdə fəaliyyətini aktiv surətdə aparır. Prezident əsas məsələ qəbul edilən qanunların kəmiyyəti deyil, onların keyfiyyətidir. Ona görə də qanunvericilik fəaliyyətində keyfiyyət məsələsi diqqət mərkəzində olmalıdır. Bu məqsədlə də qanunlar qəbul edilməzdən öncə müxtəlif dinləmələr keçirilir, mütəxəssislər cəlb edilir, ekspert rəylərinə xüsusi diqqət yetirilir, eyni zamanda qanun layihələri ictimaiyyətin müzakirəsinə çıxarılır. Hətta Milli Məclisin internet səhifəsində xüsusi bölmə mövcuddur ki, vətəndaşlar həmin bölmədə müxtəlif qanun layihələri ilə bağlı öz fikir və rəylərini təqdim edə bilərlər.  Bu da qanunvericilik fəaliyyətində vətəndaş iştirakçılığına inkişafına və mahiyyətcə onun demokratik xarakterinin inkişafına töhfə verir.

2019-cu ildə Milli Məclisə vaxtından əvvəl yeni seçkilərin keçirilməsi də ölkədə aparılan geniş miqyaslı islahatların tərkib hissəsi idi. Prezident tövsiyyə etmişdir ki, Milli Məclisin üzvləri seçiciləri ilə sıx təmasda olsunlar, onların problemlərinin həll olunmasında iştirak etsinlər.

Bundan əlavə, Milli Məclis beynəlxalq fəaliyyəti də səmərəlidir. Cənab Prezidentin həmin çıxışı zamanı qarşıya qoyduğu əsas vəzifələrdən biri də Milli Məclisin beynəlxalq arenada fəaliyyətinin daha da gücləndirilməsi idi. O qeyd etdi ki, parlament və onun üzvləri beynəlxalq təşkilatlarda daha yüksək səviyyədə təmsil olunmalıdırlar. Çünki Azərbaycan həqiqətlərini, xüsusən Qarabağ münaqişəsilə bağlı həqiqətləri dünyaya çatdırmalıyıq. Bu gün əminliklə deyə bilərəm ki, bu istiqamətdə digər ölkələrin parlamentləri və beynəlxalq təşkilatlarla effektli surətdə əməkdaşlıq edirik. Milli Məclisin sədri Sahibə xanımın başçılığı ilə nümayəndə heyətlərimizin Rusiya, İspaniya və Türkiyəyə son səfərlərini qeyd etmək olar. İspaniya səfəri zamanı Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib. Beynəlxalq əməkdaşlıq islahatlar prosesinə qanunvericilik dəstəyinin verilməsində xaric ölkələrinin təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir, eləcə də Azərbaycan təcrübəsinin xaricə çatdırılması üçün mühümdür.

- Azərbaycan yeni inkişaf mərhələsini- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq dövrünü yaşayır. Görülən işlərin miqyası ölkəmizin iqtisadi və maliyyə imkanları barədə hansı təsəvvürləri yaradır? 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsi kimi dəyərləndirilir…

- Hazırda biz tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq.  Bu işlərin miqyasını təsəvvür etmək üçün onu demək kifayətdir ki, artıq bir il ərzində Fizuli beynəlxalq hava limanının tikintisi başa çatıb, Zəngilan və Laçın beynəlxalq hava limanlarının inşası davam edir Xüsusən Laçın hava limanı çətin coğrafi relyefdə yerləşir. Bundan əlavə Fizulidən Şuşaya Zəfər yolu çəkilib, artıq yaxın həftələrdə məcburi köçkünlərimizin 30 illik həsrətdən sonra Zəngilanın Ağalı kəndinə ilk qayıdışı baş tutacaq. Murovdağda Kəlbəcərə salınan yeni yol üzərində tunellərin çəkilişi də büdcəmizin miqyası haqqında təsəvvürlər əldə etməyə kömək edir.

Düşünürəm ki bu hələ son deyil. Növbəti ildə yenidənqurma və bərpa işləri daha geniş miqyasda davam edəcək. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə 2022-ci il dövlət büdcəsində 2.2 milyard manat nəzərdə tutulub.  Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqilik tariximizdə ilk dəfə bərpa etmişik. Burada müvafiq sərhəd infrastrukturunun yaradılması və sərhəd xidmətinin normal fəaliyyətinin təmin edilməsi üçün vəsaitlər xərclənir. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır. 

Eyni zamanda, dövlət büdcəmiz sosial yönümlü olmaqda davam edəcək, əhalinin əməkhaqqı və gəlirləri də artacaq. Belə işlərin siyahısını çox uzatmaq olar. Əsas mahiyyət ondan ibarətdir ki, regionda və dünyada baş verən problemlərə və mənfi tendensiyalara, o cümlədən pandemiyanın yaratdığı əngəllərə və dünya birjalarında neft və qaz qiymətlərində qeyri-stabilliyə baxmayaraq Azərbaycanda ölçülüb-biçilmiş surətdə yürüdülən səmərəli iqtisadi siyasət ölkəmizin qüdrətini artırmağa xidmət edir.