YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qarabağ indi dünyanın hər yerindən görünür

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

- Bahar xanım, Vətən müharibəsinin başlanmasından bir il ötür. Əldə edilən nəticələr haqda fikirləriniz necədir, regionun və ölkəmizin həyatında baş verənlər haqda nə deyə bilərsiniz?

Bu günlər həyatımızın ən yadda qalan, qürur və fəxarət  dolu anlarını yaşayırıq.  Tarixi yüzilliklərə, məzmunu isə insanlıq əleyhinə cinayətləri ərazi və maddi maraqlarını reallaşdırmaq üçün mümkün  və məqbul hesab edən bir ideologiyadan – erməni faşizmindən qaynaqlanan təcavüz siyasətinin nəticələrini aradan qaldıraraq Azərbaycanın işğal altında olan şəhər və kəndlərinin azad olunmasının ildönümlərini qeyd edirik.

Vətən müharibəsinin başlandığı ilk dəqiqələrdən, son anlaradək uşaqdan böyüyə hər kəsin qatıldığı bu 44 günlük “Müqəddəs Savaş”ı bütün dünya heyrət və böyük maraqla izlədi.On illərlə ayrı düşdüyümüz yurd yerlərimizə dönüşün, yəni Böyük Qayıdışın ilk addımları atılmaqdadır.

Böyük Zəfərdən bir ildən də az müddət keçməsinə baxmayaraq, genişmiqyaslı bərpa, quruculuq işləri həyata keçirilməkdədir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi və bir çox hallarda yaxından iştirakı ilə törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin, ağır nəticələri, ətraf mühitə, şəhər və kəndlərimizə maddi-mədəni abidələrimizə qarşı həyata keçirilən barbarlıq və vandalizmin izləri diqqətlə öyrənilir, qeydə alınır, vurulan ziyan hesablanır. İnsanların şəxsi əmlakına, sağlamlığına o cümlədən yaxın və doğmalrına qarşı törədilən cinayət əməlləri sənədləşdirilir.

İşğaldan azad olunan ərazilərimiz minalardan təmizlənir, əkin yerlərimiz və meşə təsərrüfatının istifadəyə yararlı hala gəlməsi üçün lazımi tədbirlər görülür.

Ən əsası hər keçən gün daha çox soydaşımızın 30 illərə söykənən həsrətinə son qoyulur. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla ən müxtəlif təbəqələrdən olan nümayəndə heyətlərinin regiona səfərləri təşkil olunur. Mediaturlarda ictimai-siyasi xadimlər, siyasi ekspertlər, tanınmış aparıcı beynəlxalq media nümayəndələri işğalın ağır nəticələri və Azərbaycanın reallaşdırdığı meqa layihələrlə tanış olmaq və dünyanı məlumatlandırmaq imkanı əldə edirlər.

Əvvəllər bizim özümüzdə  daxil olmaqla hər kəsin üzünə bağlı olan Qarabağ indi artıq dünyanın hər yerindən görünür. Onunla birlikdə Ermənistanın və ona bütün illər ərzində dəstək verən dairələrin də eybəcər siması özünü göstərir.

Tarix ən müxtəlif dönəmlərdə, xüsusilə də son 30 ildə bu regionda barbarlığın və vandalizmin, humanizm və quruculuqla, o cümlədən faşizmə söykənən təcavüz siyasətinin insanlıq və ədalətlə mübarizəsinə şahidlik edib. Amma görünən odur ki, birincilər ikincilərə böyük hesabla uduzmaqdadırlar. Bu region ölkələrinin arasındakı əməkdaşlıq formatlarına və onun məzmununa da xeyli sayda korrektələr etməkdədir. Dağlıq Qarabağ adlı problem artıq tarixin arxivinə göndərilib. Cənubi Qafqazın sülh quruculuğu və təhlükəsizlik arxitekturasına yeni yanaşmalar günümüzün reallığıdır. Və bu reallığı Azərbaycan yaradıb.

- Bahar xanım, bu gün Füzuli rayonu da, sizin doğulub boya-başa çatdığınız Füzuli şəhəridə azaddır. Keçmiş məcburi köçkün kimi hansı hissləri keçirirsiniz?

Hələ erkən yaşlarda Füzulini tərk etsəm də ailəm, doğmalarım orada yaşadığı üçün 1993-cü ilin avqustun 23-dən sonra köçkunlük statusum olmasa da bu həyat mənim də taleyimə yazıldı. Bizim üçün həyatın və dünyanın başlanğıcı olan o məkandan hamımız ayrı düşdük. Ailələr, dost və qohumlar pərən-pərən düşdü. Saysız-hesabsıq itkilərə məruz qaldıq. Mənəvi – psixoloji sarsıntılar keçirdik, ümidsizliyə qapılanlar, bu statusun ağırlığına dözməyib dünyadan köçənlərimiz oldu. Bir gün torpaqların tərəfimizdən azad ediləcəyinə qəlbən inanıb onu gözləyənlərimizin xeyli hissəsinin ömrü buna yetmədi. Sosial – iqtisadi çətinliklər, ehtiyac və məhrumiyyətlər yol yoldaşları oldu. Amma heç bir vaxt Qarabağı, Füzulini ürəklərindən düşüncələrindən kənar tutmadılar. Nə Qarabağımızı, nə də onun yolunda canını qurban verən insanları unutmadılar. Erməni düşmənçiliyinin ağır fəsadlarından, bəynəlxalq dairələrin ədalətsiz davranışlarından sınmadılar, ümidlərini itirmədilər. Hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında oldular. Yalnız ona güvəndilər, ən kritik hallarda onun müdafiəsinə qalxdılar, əsil vətəndaş məsuliyyəti və cəsarət nümayiş etdirdilər.

Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə şərtlənən  müstəqil dövlət quruculuğuna hər tərəfli qoşuldular. Təmas xəttinə yaxın ərazidə yaşayıb, işləmək, iqtisadi-sosial, hüquqi və hərbi islahatlara dəstək vermək, 1-ci Qarabağ müharibəsindən sonrakı dağıntıların aradan qaldırılması üçün əllərindən gələni etdilər. Xüsusilə Horadiz döyüşlərindən sonra işğaldan azad edilmiş kənd və qəsəbələrin bərpası, yeni şəhərciklərin tikilməsi və geriyə qayıdan köçkünərin məskunlaşması ilə Böyük Qayıdışın bünövrəsini qoydular. Ermənistan Silahlı Qüvvələrinin darmadağın etdiyi doğma yurda həyatı və uşaq gülüşlərini qaytardılar. Bununla da köçkün həyatı sürən digər soydaşlarımıza gələcəyə inam, öz dövlətinin gücünə, liderinin qətiyyətinə güvən hissi daha da yüksəldi.

Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yoluna sədaqət nümayış etdirən ölkə Prezidenti İlham Əliyevin prezidentliyi dönəmində isə bütün istiqamətlərdə dinamik inkişaf, sosial, iqtisadi yüksəliş, ordunun müdafiə və hücum imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən, hərbi-siyasi və diplomatik sahədə əldə edilən uğurlar bütün parametrlər  üzrə qüvvələr nisbətini ölkəmizin xeyrinə böyük dərəcədə dəyişdirdi.

Bu sahədəki inkişafı və təmas xəttində yaşayan insanların sosial durumunun hansı səviyyədə olduğunu görmək üçün Füzuliyə, Horadizə səfər etmək, buradakı insanlarla söhbətləşmək, onları dinləmək kifayət edirdi.

2000 - 2019 –cu illər ərzində Füzuli seçicilərini Milli Məclisdə təmsil edən deputat, bütün bu proseslərin içərisində olan bir şəxs kimi Azərbaycanımızın bu günkü inkişaf səviyyəsinə çatması, hərbi qüdrətə, iqtisadi potensiala, daxili ictimai-siyasi sabitliyə necə nail olması barədə, insanlarımızın həyatını, regionun reallıqlarını, Azərbaycanın imkan və potensialını, dünyada ona olan münasibətlərin bu illər ərzində necə dəyişdiyini sübüt edən dəlil və faktlar gətirə, saatlarla yorulmadan danışa bilərdim.

Amma buna artıq lüzüm yoxdur. 44 günlük Vətən müharibəsi və onun nəticələri hər şeyi aydın görməyə imkan verir.

Bütün keçmiş köçkünlər kimi füzulilər də bu nəticələri öz həyatında aydın şəkildə hiss edir. Güclü orduya, müzəffər Ali Baş Komandana və onun dəmir yumruğunda cəmləşən gücə söykənərək Dağlıq Qarabağ adlanan erməni problemini tarixin arxivinə göndərməklə Azərbaycan öz xalqının siyasi iradəsini ifadə edən milli dövlətin qlobal proseslərdə rolunun nəyə qadir olduğunu ortaya qoydu. Belə bi dövlətin vətəndaşı olmaq keçmiş köçkünlər üçün ikiqat qürur mənbəyidir. Ona görə ki, onlar artıq natamamlıq kompleksindən birdəfəlik qurtuldular. Varlığı ilə fəxr etdikləri ölkə Prezidenti cənab İlham Əliyevin diqqətini, himayəsini, eyni zamanda etibarı və etimadını köçkün olduqları zaman hər addımda hiss edən bu insanlar indi azad Qarabağın qürurlu sakinləri kimi öz yurdlarına dönəcəkləri günü səbrsizliklə gözləyirlər.

Artıq füzulilərin həyatında 23 avqust deyil, 17 oktyabr tarixi böyük bir yer tutur. Düz bir ildir ki, Füzuli azaddır, bütün işğaldan azad olunan digər regionlarımız kimi o da sinə dolu nəfəs alır, sabaha böyük inam və nikbinliklə baxır.

Bu torpağı düşmən tapdağından xilas edən igid oğullarımızın, qəhrəmanlığının nəticəsi olan azadlığı üçün onlara borclu olduğunu unutmur, şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə isə diqqət və qayğı göstərir.

Mən də onlardan biri olaraq, keçmiş köçkünlərin keçdikləru bütün hisslərə şərik olduğumu bildirir, hər birimizin adından ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımız və füzulilərin sevimlisi cənab İlham Əliyevə qələbə duyğusunu tam mənası ilə hər birimizə hiss etdirdiyinə görə minnətdarlığımı bildirir, özünün baş qəhramanı olduğu Vətən müharibəsində əldə etdiyi Böyük Zəfər münasibətilə onu və bütün xalqımızı ürəkdən təbrik edirəm.