YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ələt Azad İqtisadi Zonası ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunda yeni səhifə açır

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Bugünün əsas çağırışlarından biri yeni əməkdaşlıqlar fonunda iqtisadi əlaqələrin genişləndirilməsidir. Azərbaycanın yeni reallıqlara uyğun olaraq diktə edən tərəf kimi irəli sürdüyü təşəbbüsləri necə şərh edərdiniz? Zəngəzur dəhlizinin açılması hansı perspektivləri vəd edir?

- Döyüş meydanında əldə etdiyimiz böyük qələbəmizin davamı olaraq 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla münaqişənin bitdiyi elan olunmuşdur.  Bizi 30 ilə yaxın daima  narahat edən münaqişə termini gündəmdən çıxmışdır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etməklə regionda yeni reallıq yaratmışdır. Bu yeni reallıq Zəngəzur dəhlizinin açılmasına, əməkdaşlıq mühütünün inkişaf etdirilməsinə və regionda davamlı sülhün bərqərar olunmasına yol açır. Zəngəzur dəhlizinin açılması regiona yeni əməkdaşlıq formatlarının orataya qoyulmasına imkan verir. Hər şeydən əvvəl Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla quru yolla birləşcək, həm də Türkiyə ilə birbaşa bağlantımız yaranacaqdır. Qonşu ölkələrimiz olan Rusiya, İran üçün isə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yeni perespektivlər meydana gəlir. Ermənistan isə Zəngəzur dəhlizinin açılmasına yalvarmalıdır. Çünki, 30 ilə yaxın qonşulara qarşı ərazi iddiaları və Azərbaycanın torpaqlarının işğal altında saxlaması bu ölkəni dalana çevirmişdir. Azərbaycan Ermənistansız da qonşu ölkələri və Avropa ilə iqtisadi əməkdaşlığını genişləndirmişdir. Ermənistan isə bu illər ərzində iqtisadi və siyasi müstəqilliyini itirmiş, təcrid olunmuş respulikaya çevrilmişdir. Məhz Zəngəzur dəhlizinin açılışı bu ölkəni iqtisadi blokadadan çıxmasına, Rusiya və İranla dəmir yolu ilə bağlantı yaranmasına imkan verəcəkdir. Ona görə də Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan çox vacibdir. Zəngəzur dəhlizi regionda iqtisadi əməkdaşlığın genişlənməsinə imkan verməsiylə yanaşı regionda uzun müddətli sülhün və təhlükəsizliyin təmin olunmasına da töhfə verəcək.

-“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olan  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflərdən biri Böyük Qayıdışın müasir dövrün tələblərinə uyğun bərpa və quruculuq əsasında reallaşdırılmasıdır. Yeniliklər nədən ibarətdir?

- Ölkəmizin siyasi, iqtisadi və sosial sahədə uğur qazanmasının təməlində ölkə başçımızın uzaqgörən siyasəti və gələcəyə hesablanmış inkişaf proqramlarına uyğun hədəflərə çatmağımız dayanmışdır. Azərbaycanın inkişaf proqramları 5 illik və on illik olmaqla müxtəlif hədəfləri özündə əks etdirir. 2004-cü ildən icra olunmağa başlanmış Regionların Sosial iqtisadi İnkişafı Dövlət Proqramlarının sayca 4-cünün icrasına başlamağımız  sayəsində Azərbaycanda kəndlə şəhər arasındakı fərq aradan qalxmış, ölkəmiz inkişafda böyük uğurlara imzalar atmışdır. 2020-ci ildə öz icra müddətini başa çatdırmış “Azərbaycan 2020: gələcəyə baxış” on illik Dövlət Proqramında nəzərdə tutulmuş hədəflər kompleks xarakter almış, ölkəmizi dünyada tüğyan edən iqtisadi böhranlardan qorumuş və dünyanın reyting hesabatlarında öncül yerlərdə sıralanmağımıza imkan vermişdir. İndi isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” icra olunmaqdadır. Milli prioritetlərdə nəzərdə turulmuş hədəflərdən biri də Böyük Qayıdışın reallaşdırılmasıdır. Torpaqlarımız artıq azaddır. Hal hazırda azad olunmuş ərazilərimizdə təhlükəsizlik tədbirləri görülür və  infrastruktur layihələri sürətlə icra olunur. Azad olunmuş şəhər və kəndlərin Baş planları hazırlanıb təsdiq olunur, ağıllı şəhər və ağıllı kənd layihələrin icrasına başlanmışdır. Böyük qayıdışımız daha müasir şəraitdə və möhtəşəm olacaqdır. Milli Prioritetlərdə nəzərdə tutulmuş hədəflər isə həm Böyük Qayıdışımızı təmin edəcək, həm də bütövlükdə Azərbaycanın sosial iqtisadi -inkişafını yeni mərhələyə çıxardacaqdır.

- Azər müəllim, investisiya axınları hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biridir. Bu baxımdan gələcəkdə  İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar Azərbaycanın investisiya cəlbediciliyinə hansı əlavələri edəcək?

- Dünyada investisiyalar uğrunda böyük mübarizə gedir. Ölkələr çalışırlar ki, iqtisadiyyatlarına daha çox xarici investisiyalar cəlb olunsun. Xarici investorlar investisiya qoymaq üçün ölkələrdə nəzərdən keçirdikləri bir çox faktorlar var. Bunlar Davos İqtisadi Forumu və Doing Business jurnallarının açıqladıqları reytinq sıaralamaları ilə daha çox əlaqəlidir. Azərbaycan qeyd etdiyim hər iki rejtinq hesabatında dünyada öncül yerlərdə sıralanmışdır. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı stabildir, ölkədə siyasi sabitlik var, ölkə iqtisadiyyatı reqabətqabiliyyətlidir və biznesin başlanması üçün dövlət əlverişli şərait təklif edir. İşğaldan azad olunmuş ərazilər xarici investorların cəlb ediciliyi baxımından daha əlvərişlidir. Bu ərazilər yeraltı  və yerüstü sərvətlərlə zəngin olmaqla investisiyaların yatırılması üçün böyük potensiala malikdir. Ölkəmizin biznes fəaliyyətinin qurulması üçün təklif etdiyi şərtlər məqbuldur. Ona görə də düşünürəm ki, işğaldan azad olunmuş ərazilər böyük investisiyaların axacağı məkan olacaqdır.

- Bu günlərdə təməli qoyulan, Azərbaycanın dünya birliyinə təqdim etdiyi yeni əməkdaşlıq formatı kimi dəyərləndirilən  Ələt Azad İqtisadi Zonasının perspektivləri barədə fikirlərinizi bilmək istərdik...

- Ələt Azad İqtisadi Zonası ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunda yeni səhifə açır. Bu ərazi xüsusi qanunlarla idarə olunduğundan investisiyaların cəlb ediciliyi baxımından daha əlverişli olacaqdır. Ələt Azad İtisadi Zonasında infrastruktur dövlət dəstəyi ilə qurulur. Bakı Beynəlxalq Ticarət Limanın bu ərazidə yerləşməsi və beynəlxalq nəqliyyat dəhlizlərin kəsişdiyi yerdə inşa olunması Ələt Azad İqtisadi Zonasının əhəmiyyətini daha da artırır. Ələt Azad iqtisadi Zonasının sərmayə qoyacaq investorlar üçün gəlir gətirəcəyi məkan olmasıyla yanaşı ölkəmiz üçün də böyük əhəmiyyəti olacaqdır. İlk növbədə beynəlxalq müasir idarəetmə təcrübəsinə uyğun  əlavə dəyər gətirəcək müasir istehsal sahələri qurulacaqdır. Bu ərazidə fəaliyyət göstərəcək şirkətlərlə ölkəmizin şirkətlərinin əməkdaşlığı genişlənəcək və iqtisadiyyatımızın dinamik inkişafına töhfə verəcək. Həm də bu ərazidə ixrac yönümlü müasir standartlara cavab verən mallar istehsal olunacaq. Bu ərazi ölkəmizin dövlət büdcəsi gəlirlərinin artmasına töhfə verəcəkdir. Həm də bu ərazidə çoxlu sayda müasir müəsisələrin fəaliyyət göstərəcəyinə diqqət yetirsək, 10 mindən çox yeni iş yerlərinin yaranacağı haqqında özümüzdə fikir formalaşdıra bilərik və bu da ölkədə işsizliyi azalmasına bir töhfə olacaqdır. Ümumiyyətlə Ələt Azad iqtisadi Zonasının istifadəyə verilməsi ölkəmizn iqtisadiyyatını neft sektorundan asıllığının azaldacağını və qeyri -neft sektorunun inkişafının sürətləndirəcəyini düşünürəm.