YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyamızın inkişafında yeni mərhələnin başlanğıcıdır

Müsahibimiz Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov

- Elmar müəllim, məlumdur ki, martın 5-də Yeni Azərbaycan Partiyasının  VII qurultayı keçirildi. Bu qurultayın əhəmiyyəti və onun keçirilməsini zəruri edən amillər barədə nə deyə bilərsiniz?

- Əvvəla qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.

Bilirsiniz ki, partiyamızın VI qurultayı 3 il əvvəl – 2018-ci ildə keçirilmişdi. O zamandan bu günə qədər bir çox dəyişikliklər baş verib. Ölkəmizdə parlament və prezident seçkiləri keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. 

Təbii ki, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran xalq partiyasıdır. Ona görə də bütün bu və digər amillər yeni mərhələnin əsasını qoyduğu üçün Yeni Azərbayca Partiyasının da növbəti qurultayını zəruri edən faktorlar olub. Düşünürəm ki, YAP yeni dönəmdə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcək.

- Yeri gəlmişkən, VII qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul olundu. Bu, partiyanın gələcək fəaliyyətinə necə təsir göstərəcək?

- Bəli, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Yeri gəlmişkən, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə bizə göstərilən etimada görə dərin təşəkkümüzü bildirir və qeyd etmək istəyirəm ki, bu etimadı layiqincə doğrultmağa çalışacağıq.   

Öncəliklə qeyd edim ki, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində  partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapıb. Bütövlükdə, sözügedən addımlar partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini, Tahir Budaqovun partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədovun isə partiya Sədrinin müavini təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulması və qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə,  həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Ona görə də qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkan verəcək, partiyamızın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyətə malik olacaq.

Yeri gəlmişkən,  partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin olunan Tahir Budaqov da çox təcrübəli və yüksək təşkilatçılıq bacarığına malik olan şəxsdir. Tahir müəllimin hələ 1992-ci ilin sonu – 1993-cü ilin əvvəlində tanınmış alim, professor Vaqif Şadlınski ilə birlikdə Azərbaycan Tibb Universitetində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının yaradılmasında mühüm rolu olub. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə o, 1999-cu ildə YAP Siyasi Şurasının üzvü olub. Bununla yanaşı, Ulu öndər Heydər Əliyev Tahir Budaqovu 1999-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini işləyən Tahir Budaqov Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bu vəzifələrdə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirib. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilən, eyni zamanda, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədri olan Tahir Budaqov hansı vəzifədə işləməsindən asılı olmayaraq, Ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin ona olan etibarı və etimadını layiqincə doğruldub. Təsadüfi deyil ki, Tahir müəllim cəmiyyətdə Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq şəxsiyyət kimi tanınır.  Onu da qeyd edim ki, Tahir Budaqov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini olarkən Qarabağ müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri ilə birbaşa işləyib. Ona görə də hesab edirəm ki, Tahir Budaqovun YAP-ın Sədr müavini – Mərkəzi Aparatın rəhbəri təyin olunması partiyamızın şəhid ailələri və müharibə veteranları, əlillər və qazilərlə  iş istiqamətində fəaliyyətinə böyük təkan olacaq. Əlbəttə, biz də YAP İdarə Heyətinin üzvləri kimi partiyamızın Mərkəzi Aparatının fəaliyyətində yaxından iştirak edəcək və öz dəstəyimizi göstərəcəyik. 

- Elmar müəllim, qeyd olunduğu kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bunu şərtləndirən amillər nədən ibarətdir?

- Təbii ki, ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu, ötən müddət ərzində partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın yüksək nüfuzu belə bir istəyin və reallığın meydana çıxmasına səbəb olub. Bu, eyni zamanda, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu göstərir. Bu fakt qələbələr partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının timsalında iqtidara böyük inam və etibarın olmasından xəbər verir.

İndiki mərhələdə 6 siyasi partiyanın YAP-a qoşulması fonunda Yeni Azərbaycan Partiyası milli həmrəyliyin təcəssümünə çevrilib. Bu reallıq yeni mərhələdə həm partiyamızın, həm də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyətə malik olacaq. Digər tərəfdən, belə bir addım Azərbaycanda siyasi sistemin inkişafına, siyasi münasibətlərin sağlam zəmində cərəyan etməsinə və dialoq mühitinin genişləndirilməsinə xidmət göstərir.

- Yeri gəlmişkən, bu, ölkəmizdə siyasi dialoq mühitinin gücləndirilməsi və siyasi sistemin inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir? 

- Əlbəttə, 6 siyasi partiyanın YAP-a qoşulması həm də ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçirilən islahatlar çərçivəsində siyasi dialoq prosesinə start verilib. Struktur islahatları çərçivəsində Prezident Administrasiyasının yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi ötən müddət ərzində bu istiqamətdə fəaliyyətini uğurla davam etdirib. Bəhs olunan şöbənin müdiri cənab Ədalət Vəliyev müxtəlif partiya sədrləri ilə çoxsaylı görüşlər keçirib və bu, siyasi dialoqun inkişafı, demokratik ənənələrin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, bu əlverişli dialoq mühitinin nəticəsidir ki, siyasi qüvvələr arasında etimad artıb, inteqrasiya prosesi sürətlənib. Bu isə öz növbəsində milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə olub. 44 günlük Vətən müharibəsində əksər siyasi partiyaların Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna qətiyyətli dəstək verməsi bu siyasi birliyin və milli həmrəyliyin bariz nümunəsidir.

Nəticədə düşünürəm ki, etimada əsaslanan bu dialoq mühiti gələcəkdə də ictimai-siyasi proseslərin milli maraqlar əsasında cərəyan etməsinə və Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə, milli həmrəyliyin  daha da güclənməsinə xidmət edəcək.